• 21 Sentyabr 2024 04:26

Osmanlıda tapılan heykəl Fransanın Luvr muzeyində nümayiş olunur – FOTO

8 aprel 1820-ci il. O zaman Osmanlı imperiyasının tərkibində olan Milos adasında bir kəndli torpağı şumlayarkən, digər versiyaya görə isə qədim dağıntılar arasındakı oyuqda qurşaqdan iki hissəyə bölünmüş qadın heykəli tapdı.

Onun e.ə. II əsrdə Antioxiyalı Aleksandr tərəfindən hazırlanması, yunan mifologiyasında gözəllik və sevgi ilahəsi olan Afroditanın təsviri olması qəbul edildi. Amma nəyə görəsə Romanın plagiat mifologiyasındakı adı ilə Miloslu Venera kimi tanınır. 202 sm hündürlükdə olan heykəl antik mədəniyyətin ən məşhur nümunələrindən biridir.

Heykəlin tapılmasından fransızlar xəbər tutdular və müəyyən maxinasiyalardan sonra osmanlılardan icazə alıb öz ölkələrinə apardılar. O vaxtdan Luvr muzeyində nümayiş olunur.

Heykəl tapılarkən qolları yox idi. Onun qollarının hansı vəziyyətdə və nə ilə məşğul olması bir çox maraqlı fərziyyələrin mövzusudur.

Ən populyar versiyalardan birinə görə, Afrodita sol əlində alma, sağ əli ilə isə əynindən sürüşən örtüyü tuturmuş. Bu versiyanın yunan mifologiyası ilə əsası var.

Rəvayətə görə, Peley və Fetidanın toyunda nifaq ilahəsi Erida üzərində “ən gözələ” yazılmış almanı üç ilahənin – Heranın, Afinanın və Afroditanın oturduğu masaya atır. Almanın kimə çatacağını gənc Troya şahzadəsi Paris müəyyən etməli idi.

İlahələr almanı əldə etmək üçün Parisə müxtəlif şirnikləndirici təkliflər edirlər. Hera onu ən qüdrətli hökmdar, Afina ən qüvvətli qəhrəman etməyi təklif edir. Afrodita isə ən gözəl qadının sevgisini vəd edir. Nəticədə, Paris almanı Afroditaya verir. Sonrasını “Troya” filmindən bilirsiniz.

Afrodita Sparta şahı Menelayın arvadı, qənirsiz gözəl Yelenanın ürəyində Parisə qarşı məhəbbət oyadır və onlara qaçmağa kömək edir. Bu da böyük fəlakətlər gətirən Troya müharibəsinə səbəb olur.

Bu mif əsasında “nifaq alması” termini yaranıb.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər