“Qarabağ”ın legioneri: “Bizi “Rakov”a qarşı gərgin matçlar gözləyir”
“Qarabağ”ın futbolçusu Marko Veşoviç Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Linkoln”la Bakıdakı (4:0) cavab qarşılaşmasından sonra müsahibə verib. Monteneqrolu futbolçu komandasının növbəti mərhələdəki şanslarından da danışıb.
– “Linkoln”la matçda komandanız qalib gəlməyi bacardı. Görüş sizin üçün necə alındı?
– Təbii ki, qalib gəldiyimizə və ikinci mərhələyə adladığımıza görə şadam. Məncə, səfərdəki matçdan da yaxşı oynadıq. Meydana qələbə üçün çıxmışdıq. Həm qələbə oldu, həm də yaxşı oyun. Azarkeşlərimiz qarşısında bu cür oyuna və nəticəyə görə şadıq.
– Demək olar ki, Bakıdakı görüş daha asan alındı?
– Biz yeddi gündür ki, birlikdəyik, məşqlərimizi edirik, oyuna hazırlaşırdıq. Cəbəllütariqdəki matçdan sonra oyuna hazırlaşmaq üçün cəmi bir həftə vaxtımız var idi. Əlimizdən gələni etdik və meydana çıxıb qalib gəldik. İkinci oyundakı performansımız qaneedicidir.
– Növbəti mərhələdəki rəqibiniz “Rakov”dur. Qışda Türkiyədəki toplanışı zamanı onlara məğlub olmuşdunuz. Polşa klubu ilə görüş haqda fikrin necədir?
– Qışdakı matçla müqayisədə daha fərqli oyunlar izləyəcəyik. Təbii ki, bu oyun mərhələ adlamaq uğrunda olacaq. Ona görə bizi gərgin matçlar gözləyir. “Rakov”la görüşə hazırlaşmaq üçün vaxtımız var. Ümumi götürsək, bizi “Rakov”a qarşı maraqlı oyunlar gözləyir.
– “Linkoln”a qarşı niyə bu qədər aqressiv görünürdün? Xüsusi səbəbi var?
– Xeyr. Sadəcə bir epizodda aqressiv davrandım. O da komanda yoldaşımı müdafiə etmək üçün idi. Başqa problem yox idi. Futboldur da, emosional youndur. Hər şey qaydasındadır. (Sportal)