Son vaxtlar Bakıda kilsədə toy edən azərbaycanlıların sayının çoxaldığı bildirilir. Məlumat qeyri-rəsmi olsa da, sosial medialarda yer alan paylaşımlara əsasən, belə demək mümkündür. Ölkəmizin əksəriyyətinin müsəlman kəsimdən olmasına baxmayaraq, Qərbə meyililik mədəniyyətin bu sahəsində də özünü göstərir. Bu mənzərəni bəyənənlərin sayı da kifayət qədərdir.
Maraqlıdır ki, məscidlərimizdən birində nikah bağlanması görüntülərini isə tənqid edənlər var. Çünki bəziləri bu cür addımı islam ənənəsindən saymır və “xristianlaşma” adlandırır.
Ümumilikdə götürdükdə, kilsədə və məsciddə kəbin kəsilməsini dini və milli baxımdan ziyanlı hesab edənlər də az deyil.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Bakının multukultural mərkəz olduğunu deyib. O bildirib ki, Azərbaycanda hər zaman bütün dinlər birləşib sivilizasiyanın şifrələrini yaradıblar:
“Məhz Atəşgah, alban kilsələləri, Qobustandakı qəbirlər, islam dünyasının tanınmış adamlarının nəvə-nəticələrinin seyidlərinin Azərbaycanda müxtəlif yerlərdə izlərinin olması, multikulturalizmə dəlalət edir. Azərbaycan dünyanın elə bir məkanında yerləşir ki, burada bütün sivilizasiyalarla yanaşı, bütün dinlər də özünü çox rahat hiss edir. İnsanlar bu dinlərdən nəyisə alıb verə bilirlər. Bu baxımdan da kislələrdə qarışıq nikahların bağlanmasını, xaçpərəst adət-ənənələrinə uyğun olmasını normal qəbul etmək lazımdır”.
Ölkəmizdə bu cür nikahların bağlanmasını demoqrafik vəziyyətlə əlaqələndirən kulturoloq hesab edir ki, burada, əslində, bir sıra müsbət məqamlar da var:
“Son vaxtlar Azərbaycanda əcnəbilərlə evlilik həddindən artıq çoxalıb. Çünki son 30 ildə Azərbaycanda abortun plansız aparılması nəticəsində hər il 140-150 oğlana cəmi 100 qız doğulub. Bu qızların da bir çoxları xaricilərlə evləndi deyə, bizdə qadın çatışmazlığı kimi demoqrafik problem yaranıb. Ona görə də qarışıq nikahların sayı get-gedə çoxalır.
Əgər islam dini xristianlığı, iudaizmi, Tövratı, İncili qəbul edirsə, Allahımız birdirsə, adət-ənənələrimizin də bir-birinə yaxın olmasını normal qəbul etmək lazımdır. Necə olur ki, əcnəbilər azərbaycanlı qızlarla evlənib bizim musiqilərin sədası altında rəqs edəndə, bizim yeməklərimizlə, adətlərimizlə toy edəndə bunu bəh-bəhlə alqışlayırıq, amma bizimkilər bir balaca əcnəbilərə oxşamaq istəyəndə, xristianlığın yaxşı cəhətlərini götürəndə o dəqiqə üstünə düşürük?”
A.Əbilovun fikrincə, kilsələrdə olduğu kimi, məscidlərin də insanların üzünə açılsa, soyuq havalarda insanlara orada qalmağa icazə verilsə, müsəlmanların da etiraflar etməsinə şərait yaradılsa, yaxşı olar:
“Kilsədə olduğu kimi məsciddə də dini kəbinin rəsmiləşdirilməsi, insanların buna şahidlik etməsi, gələcək ailənin möhkəm təməl üzərində qurulması üçün addımlar atılmalıdır. Biz dedik ki, mollara dövlət tərəfindən büdcədən pul verilirsə, zəhmət çəkisinlər, onlar da kilsədə olduğu kimi bir ehram düzəltsinlər, orada kişilər və qadınları ayrıca qəbul edib onların etiraflarını eşitsinlər, tanrı qarşısında günahlarını etiraf etməsini qəbul etsinlər və onlara psixoloji, ilahi yardım etsinlər.
Biz məscidlərimizi ancaq ölülər üçün istifadə etsək, gənclərimiz bizdən qaçacaq və xarici adət-ənənələri götürəcəklər. Halbuki Azərbaycanın milli toy adət-ənənləri dünyanın heç bir xalqında yoxdur. Bu boyda mürəkkəb, gözəl mərasimlər silsiləsi, toy mədəniyyəti olan xalqın nümayəndələri niyə xristianlığa meyilli olmalıdırlar? Niyə öz nikahlarını kilsədə rəsmiləşdirməlidirlər? Niyə mollalar, ilahiyyat, din adamları gənclərimizi başlı-başına buraxıblar?
İstənilən halda hər bir müsbət cəhəti təqdir edirik. Kilsə, məscid, məbəd fərqi yoxdur, azərbaycanlılar üçün Allahın evi, ibadət edilən hər bir yer müqəddəsdir”.
Kulturoloq deyib ki, ölkəmizdəki nəinki məscidlər, bütün sinaqoq, kilsə və məbədlərin qapısı bütün insanlara açmalıdır:
“Bu ona görə lazımdır ki, xristian da, müsəlman da yəhudi də hər biri evlənən zaman oraya gedə bilsinlər. Niyə də müsəlmanlar gedib sinaqoqları görməsin, ya da nə üçün xristian məsciddə öz nikahını bağlamasın? Bunun nəyi pisdir? Hər şeyə “bizimki deyil”, “Avropadan gəlib” deyib gənclərimizi özümüzdən uzaqlaşdırmışıq deyə, onlar ya xaricə axıb gedirlər, ya da əcnəbilərlə evlənirlər. Bu məsələdə tolerant və liberal düşüncəli olmağın tərəfdarıyam. Düşünürəm ki, yaxşı nə varsa, onu qəbul etməliyik. Ona qalsa, biz gərək 1 yanvar xristianların bayramıdır deyə Yeni ili, o cümlədən bizə aid deyil deyə, 8 martı, Valentin Gününü qeyd etməyək. Bir az geniş düşüncəli olaq ki, dünya Azərbaycanı sivilizasiyaların mərkəzi kimi qəbul etsin.
Bunun bir yaxşı cəhəti də odur ki qonşu xristian ölkələrindən, müsəlman ölkələrinin xristian əhalisi də gəlib Azərbaycanda toylarını keçirə bilərlər. Bu da kulturoloji mədəniyyətin, əyləncə sektorunun, beynəlxalq turizmin Azərbaycanda daha geniş yayılmasına səbəb olacaq. Beləliklə, yeni iş yerləri açılması, büdcənin dolması, maaşların artması, vergiyə yeni gəlirlərin əlavə edilməsi, pensiya və müavinətlərin artmasına səbəb olacaq”, – deyə o əlavə edib.