• 23 Noyabr 2024 00:55

“Rusiya yuxudan dik atılıb qalxacaq” – “The Telegraph”

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Rusiyanın itkisi hər kəsin ağlına gətirdiyindən qat-qat çoxdur” başlıqlı məqalə dərc olunub. Müəllif – polkovnik Həmiş de Breton-Qordon vaxtilə Britaniya ordusunda və NATO qoşunlarında komandir heyətində xidmət edib. Novator.az saytı yazını ingiliscədən çevirib diqqətə çatdırır.

May ayında xəbərdarlıq etmişdim: Rusiyanın Ukraynada itkiləri Moskvanın bizi inandırmağa çalışdığından qat-qat çoxdur. Bunu həm Putinin “ət maşını taktikası”ndan, həm də Ukraynanın yüksək dəqiqlikli raketlərlə endirdiyi zərbələrdən görmək olur. Moskva öz itki sayını bir neçə min nəfər göstərir. Amma bu, açıq-aşkar təbliğata hesablanmış saxta rəqəmdir.

Müstəqil KİV-lərin məlumatına görə, Ukrayna 2023-cü il iyunun 6-da əks-hücum əməliyyatına başlayanadək Rusiyanın müharibədə itirdiyi hərbçilərin sayı 40-55 min nəfər arasında olub. Bundan başqa 80 min nəfərə yaxın ağır yaralı qeydə alınıb. Döyüş qabiliyyətini birdəfəlik itirmiş yaralılar.

Dəhşətli itkidir. İl yarımdan da az müddəti əhatə edən bu itkilər yalnız Birinci Dünya müharibəsi illəri ilə müqayisəyə gəlir. Çağdaş dövrdə bu qədər itkini müqayisə etməyə müharibə tapmaq mümkün deyil. Ona görə Putin rejiminin itkilərin həqiqi sayını rusiyalılardan gizlətməyə çalışmasında təəccüblü heç nə yoxdur. Putin elə bilirdi 2022-ci il fevralın 24-də başlatdığı hərbi təcavüz, özünün dediyi kimi, müharibə yox, “xüsusi hərbi əməliyyat” olacaq, bir neçə günə Kiyevdə hakimiyyətin devrilməsi ilə bitəcək, ən azı Rusiya üçün qansız ötüşəcək.

Rusiyanın itirdiyi hərbçilərin sayının bunca çox olmasının, xalqın müharibəyə, öz oğullarının törətdiyi qətliama birmənalı münasibət bəsləməməsinin müxtəlif səbəbləri var.

Əvvəla, rus ordusunun seçmə bölmələri müharibənin ilk aylarında ya məhv, ya da şil-küt edilib, onların yeri isə demək olar təlim keçməmiş, yenicə orduya cəlb edilmiş səriştəsiz adamlarla doldurulub. Yalnız bir parası təlim görmüş canlı qüvvə ilə düzgün müharibə aparmaq, piyadaları tank, artilleriya və qırıcı təyyarələrlə mühafizə altına alıb kompleks şəkildə döyüşmək, ümumqoşun əməliyyatı həyata keçirmək mümkün deyil. İndiki vəziyyətdə Rusiya piyadaları olsa-olsa Birinci Dünya müharibəsindəki kimi səngərə yatıb döyüşə bilər. Bu döyüşü də onlar daha yaxşı təlim görmüş, daha nizamlı Ukrayna ordusuna uduzacaqlar.

İçində saysız-hesabsız narkoman, içki düşkünü olan ordunu idarə etmək çətindir. Rusiyanın itki sayının çox olmasının bir səbəbi də budur. Rusiyalı əsgərləri döyüşə zabitlər zorla, itələyə-itələyə göndərir. Zabitlər bir qayda olaraq əsgərlərin kürəyinin arxasında dayanır. Fərarilik etmək istəyənləri, yaxud irəli atılmağa qorxanları yerindəcə güllələyən xüsusi cəza dəstələri var. Ona görə Rusiya ordusunda döyüş ruhunun bu qədər aşağı olması qətiyyən təəccüb doğurmamalıdır.

Ancaq bir məsələ mənə çatmır: Rusiya ictimaiyyəti bu qədər itkiyə niyə lazımi reaksiya vermir? Bəlkə ona görə ki, kütləvi surətdə qırılan Moskva, Sankt-Peterburq elitasının balaları deyil, əsasən Rusiyanın şərqində məskunlaşmış yoxsul etnik azlıqların nümayəndələridir?.. Həlak olanların bəzisinin meyiti heç döyüş meydanından da götürülmür, orada qalıb çürüyür, güman ki, onların öldüyünü yaxınlarına bildirən də olmur.

Düzdür, Putin rejimi efiri təbliğatla, dezinformasiya ilə o dərəcədə doldurub ki, müharibənin uğurla getdiyinə, “namərd Qərb”in tezliklə uduzacağına inanan az deyil. Amma istənilən halda həqiqət bir yol tapıb üzə çıxacaq, başqa cür ola bilməz. Yəqin ki, onda Rusiya ictimaiyyəti yuxudan ilan vurmuş kimi dik atılıb qalxacaq… Putinin müharibəsi nəinki NATO-nu məğlub etməyib, əksinə, müharibə başlayandan güclü ordusu olan daha iki dövlət alyansa qoşulmağa qərar verib, biri qoşulub, o birinin də NATO üzvü olmasına az qalıb.

Çağdaş münaqişələrdə qüvvə sayı mühüm əhəmiyyət daşıyır, ancaq canlı qüvvənin yox, tankın, qırıcının, qanadlı raketlərin sayı. Bu məsələdə NATO Rusiyadan dəfələrlə üstündür. Qiyməti 1 funt sterlinq olan bir güllə ilə bir əsgər öldürmək mümkündür, qoşunların idarəetmə mərkəzlərini, dronları məhv etmək üçün isə yüksək dəqiqlikli silah lazımdır.

Bu gün Rusiyanın Donbasda – Ukraynanın şərqində, o cümlədən cənubunda ət maşınına atmağa minlərlə gənci var və deyəsən, olanı elə budur.

Putinin generallarına gəlincə, onlar ya Britaniyanın istehsal etdiyi raketlərə qurban gedir, ya əsgərlərini Ukrayna ordusunun atəşi altında qoyub istefa verir, ya da qiyama qalxırlar.

Rusiya ictimaiyyəti hansısa məqamda bu müharibənin mənasızlığını dərk etməli, qırğına son qoymalı, canını tiranın cəngindən qurtarmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər