• 24 Noyabr 2024 12:19

Oğuzun icra başçısı meşələri məhv edərək stadiona cevirib – “Qırmızı kart göstərən olacaqmı?

“Oğuzun icra başçısı Eyvaz Qurbanov rayondakı meşələri məhv edir… — İcra başçısının qardaşı Mahir Qurbanov rayonun daş, qum, çınqılını satmaqla məşğuldur… Başçının  qudası  Elşad  Yusifov isə dövlət vəsaitini talan edir…”

Belə bir başlıqlı xəbərlə Gundelikbaku.com saytı iddialı bir məlumat paylaşıb. Sayt Oğuz rayonu İcra Hakimiyyətinin Başçısı Qurbanovun həyat yoluna da nəzər yetirib: “Eyvaz Qurbanov 1963-cü ildə  Oğuz rayonunda anadan olub, orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib və bir neçə il sonra, dəqiq desək, 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda oxuyub. 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, sonra deputat ola bilməyib və…

20 aprel 2011-ci il tarixdən bu günədək Oğuz Rayonu İcra Hakimiyyətinin başçısıdır. Fikir verdinizmi, bu adam 1984-cü ildə  1-ci kurs  tələbəsi olanda ölkənin ən böyük Republika Stadionunun direktoru olub. Bu necə ola bilərdi..? Sonra bu adam 5 il Oğuzun deputatı olub və  etimadı doğrultmadığı üçün  2-ci dəfə  deputat olmayıb və Oğuzun icra başçısı olub…”

Sayt icra başçısının 12 illik  fəaliyyətinə də diqqət yönəldib:

“Cənab başçı bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. Bu hələ harasıdır..? İcra başçısının qardaşı MAHİR QURBANOV Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də, faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.

İndi isə keçək icra başçısının qudası  Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan  Elşad Yusifov  dövlət vəsaitlərini talayır, tenderləri  öz yaxın qohumlarına, dostlarına verirlər. Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla  dövlət vəsaiti mənimsənilir.

Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib.

Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.

Bu adam özü Oğuzlu olsa da, sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 «Kamaz» odun daşıyırlar. Bir «Kamaz» odunun qiyməti 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq  işləri ancaq iki şirkətə verilir: “Rövşən Oğuz Qrup” və “Uğan” MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur…”

Yəqin, T.Bəhramov stadionunda direktorluğu dövründə Eyvaz Qurbanovun gözü top diyirlənən hamarlığa, düzənliyə öyrənişib. O üzdən Oğuzun da ağaclarını məhv edir ki, əl-ayağa dolaşmasın. Amma stadionda “keçəl” yerlər olsa da, heç olmasa bir az yaşıl qazon tapılırdı. Əgər Eyvaz Qurbanova “qırmızı kart” göstərilməsə, Oğuzda yaşıllıq adına heç nə qalmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər