“Ailə özlüyündə böyük bir hakimiyyətdir. Burada hər kəsin vəzifəsi, sevgisi və öz yeri var. Həddi-buluğa çatmamış və ya yeniyetmə övladları olan ailələrdə özəlliklə diqqət olunacaq məqamlar var. Ər və arvad, bir-birinizə qısqanclıq nümayiş etdirərkən nəzərə alın ki, oğlan uşaqları analarına çox bağlı olur”. Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videoda deyib. O, çox hallarda ananın oğlunu ataya qarşı böyütdüyünü bildirib:
“Oğlan uşaqları atasının anasını incitməsini həzm edə bilmir. Ailə başçısı evdə olmayanda ana övladına həyat yoldaşının ona xəyanət etdiyini, incitdiyini, döydüyünü bildirir. Yeniyetmə oğlanların əksəriyyətində atalarına qarşı aqressiya oyanır. Analar övladlarını atalarına qarşı düşmən kimi böyüdürlər. Sabah ailə dağılsa, oğul atasına yaxın getmək istəmir. Bu düşmənçiliyin toxumunu ana əkir. Çox görürük ki, atalar övladları tərəfindən öldürülür. Bütün hallarda zərbə anaya dəyir. Gənc övladlarınızı atasına qarşı yetişdirməyin, sonra da həbsxana qarşısında qalmayın. Övladlarınızın azadlığı bir az da sizin əlinizdə olsun”.