“Qarabağ” üçün asan olmayacaq, “Rakuv” fiziki və taktiki cəhətdən yaxşı komandadır”
“Düzünü deyim, “Rakuv”un Polşadakı matçda bu cür oynayacağını da ehtimal etmirdim. Çox yaxşı, dinamik komandadır. Həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandadır. Nəticə də öz sözünü dedi. Çətin oyun alındığını gördük”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Elvin Məmmədov deyib. “Qarabağ”ın sabiq futbolçusu ilk oyunda buraxılan qollarda səhvləri yadda qalan Şahruddin Məhəmmədəliyev haqda da fikirlərini bildirib. Bununla yanaşı, Ağdam klubunun stabil komanda olmasından söhbət açıb:
“Heç bir futbolçu səhv etmək istəməz. Ancaq Şahruddin Məhəmmədəliyev əsas oyunlarda səhv etdiyinə görə çox tənqid olunur. Lakin onun “Qarabağ”a çox köməyi dəyib. Bunu da unutmayaq. “Qarabağ” stabil komandadır. Hər gedən futbolçunun yeri dolur. Sadəcə zaman lazımdır. Oyunlar hələ yeni başlayıb. Hansı mövqelərə transfer lazım olduğunu isə Qurban Qurbanov daha yaxşı bilir. Mənim nəsə deməyim doğru olmazdır”.
Sonda isə karyerasını yeni başa vurmuş veteran futbolçu “Qarabağ”ın sabah “Rakuv”a qarşı Bakıda keçirəcəyi görüşdəki şanslarını dəyərləndirib: “Çox çətin olacaq. Çünki ilk görüş də belə olmuşdu. “Qarabağ” üçün asan olmayacaq. Maraqlı görüş keçəcəyi dəqiqdir. Görək də, necə keçir matç. Ümidvaram ki, hər şey “Qarabağ”ın istədiyi kimi alınacaq. Hamımız onların uğurlu çıxış etməsini istəyirik”.
Elvin Məmmədov 2009-2011-ci və 2015-2016-cı illərdə “Qarabağ”da oynayıb.