Qarşıdakı futbol mövsümündə Azərbaycan Premyer Liqasında Naxçıvanın “Araz-Naxçıvan” klubu da iştirak edəcək. Bu həmin “Araz-Naxçıvan”dır ki, 2014-cü ildə Premyer Liqada cəmi dörd turda meydana çıxandan sonra qəfildən açıqlama vermişdilər ki, çempionatda mübarizə aparmaqdan imtina edirik. Bəhanələri də bu olmuşdu ki, hakimlər “Araz-Naxçıvan”ı sıxır, ədalətsizliklə üzləşirlər. Onda hələ Vasif Talıbov Muxtar Respublikanın “şef”i idi. Çox güman, komandaya Premyer Liqada dörd tur oynayandan sonra “aradan çıxmaq” tapşırığını da Talıbov vermişdi.
İndi həmin “Araz-Naxçıvan” yenə Premyer Liqada oynayacaq. Artıq Vasif Talıbov da yoxdur. Əvəzində…
AFFA var. Bəli, AFFA var. Naxçıvanı Premyer Liqada təmsil edəcək komandanın sahibi federasiyadır.
Bir neçə gün əvvəl “Araz-Naxçıvan”ın ümumi yığıncağı keçirilmiş, orada klubun yeni təsisçilərinin adları açıqlanmışdı. Klubun açıqlamasında göstərilmişdi ki, AFFA (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) “Araz-Naxçıvan”ın yeni təsisçiləridir.
Üstəlik, komanda ev oyunlarını Naxçıvanda yox, oktyabr ayına qədər Mərdəkandakı “Dalğa Arena”da keçirəcək.
Təsəvvür edirsiz? AFFA Premyer Liqada çıxış edəcək komandanın həmtəsisçisidir, həm də, klubun maliyyəsinin əsas hissəsini federasiya ayıracaq.
Nə hindistanlılar belə film, nə də braziliyalılar bu cür serial çəkə bilər.
“Sabah” AFFA Hakimlər Komitəsinin hakimləri AFFA-nın təsisçisi və əsas sponsoru olduğu “Araz-Naxçıvan”ın oyunlarında ədaləti necə qoruyacaq? Kim zəmanət verə bilər ki, AFFA rəhbərliyi hakimlərinə təsisçisi olduğu komandaya oyunlarda kömək etmək tapşırığı verməyəcək? Yəni, AFFA-da rəhbər postlarda oturanlar ədalətli, dürüst insanlardır? Məsələn, federasiya prezidenti Rövnəq Abdullayev, ədalətli, dürüst, haqqı nahaqqa verməyən biridir? Premyer Liqada çıxış edən başqa klublar – “Qarabağ”, “Zirə”, “Kəpəz”, “Qəbələ” və digərləri Rövnəq Abdullayevin ədalətinə bel bağlayıb, AFFA-nın “yoxdan var etdiyi” “Araz-Naxçıvan”ın oyunlarında hakimlərin bu komandanın lehinə qərarlar qəbul etməsi üçün təzyiq göstərməyəcəyinə inanmalıdırlar? Çətin…
Düzü, Somali, Vyetnam, Hindistan kimi futbola bir qədər uzaq ölkələrdə vəziyyət necədir, xəbərim yoxdur, amma Avropada belə “film” çəkmirlər. Avropanın milli futbol çempionatlarında belə rüsvayçılıqlar olmur. Onsuz da, AFFA həm Birinci Liqada, həm də, Premyer Liqada çıxış edən komandaların əksəriyyətinin sponsorudur, klubların maliyyəsinin böyük hissəsi federasiyadan ayrılır. Təkcə bu fakt Azərbaycanda futbola münasibətin hansı səviyyədə, hansı vəziyyətdə olduğunu göstərir. İndi durub Premyer Liqada oynayacaq komandanın həmtəsisçisi olmaq… Bu, artıq bütün əndazələri, sərhədləri aşır. Yox, qətiyyən inanmıram ki, hətta Somalidə, Vyetnamda, Hindistanda da futbola belə münasibət olsun. Bu münasibəti ancaq Avropa futbol ailəsinin, UEFA-nın üzvü olan Azərbaycanda, AFFA-da görmək olardı. Gördük də… (Meydan.TV)