• 24 Noyabr 2024 19:25

“Əvəz Zeynallıya 8 min manat verdim ki, rüsvay olmayaq” – Şahid ŞOK DETALLARI AÇDI

 

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

News24.az-ın məlumatına görə, prosesdə şahid qismində çıxış edən Şahbaz Qasımov bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi vəzifəsində işləyir:

“2021-ci ilin iyunun 25-də işdə idim. Agentliyin İdarə Heyətinin sədrinin köməkçisi Çingiz Əmirov zəng vurub dedi ki, Əvəz Zeynallı binanın qarşısına gəlib, rəhbərlik tərəfindən qəbul olunmasını istəyir. Mən də mühafizə polisinə zəng vurub Əvəz Zeynallını xidməti otağıma göndərmələrini xahiş etdim. Nə məqsədlə gəldiyini soruşanda dedi ki, sizinlə bağlı şikayət var, araşdırmalıyam. Dedi ki, siz, Nağı İsmayılovun hüqüqlarını pozursunuz, Saleh Məmmədov barəsində əlimdə məlumatlar var, bunları ictimailəşdirəcəyəm, nüfuzunuza xələl gələcək. Bundan sonra isə əməkdaşlıq etməyi təklif etdi. Dedi ki, əgər 8 min manat versən, razılaşarıq, əks təqdirdə problemlər yaranacaq. Hədə-qorxunun təsiri altında olduğumdan istənilən məbləği verdim. Pulu aldıqdan sonra bir daha Nağı İsmayılovu, Saleh Məmmədovdan narazı olan hər hansı şəxsi verilişinə dəvət etməyəcəyinə söz verdi”.

Şahbaz Qasımov Əvəz Zeynallının  suallarını cavablandırıb. Bildirib ki, Əvəz Zeynallı Xural TV də 2 veriliş hazırlayıb. Həmin sujetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirmişdi. Mənim də vəzifəm tənqid olunurdu. 20-25 dəqiqə otaqda danışdıq, mən 8 min manatı verdim. Dedi ki, Saleh Məmmədovun milyonluq əmlakları barədə məlumat var.  Mən də bunun yayılmasından ehtiyatlamıb Əvəzə 8 min manat verdim ki, rüsvay olmayaq”.

Ə. Zeynallı bildirib ki, həmin şəxsi tanımır və yalan danışır: “Bu adam deyir ki mən Əvəzə 8 min pul vermişəm, sonra o barədə veriliş hazırlamayıb. Amma mən həbs olunan günə qədər həmin məsələ ilə bağlı 300 veriliş hazırlamışam”.

Şahid bildirib ki, Əvəz Zeynallı onu rüsvay etməklə  hədələyib ondan pul alıb: “Əvəz dedi ki, 8 min manat verməsən sizi rüsvay edəcəm. Mən də bu məsələni birdəfəlik həll etmək üçün 8 min manat verdim. Pulu verdim ki, mən və Saleh Məmmədovu rüsvay etməsin”.

Prosesdə şahidin ibtidai istintaqa ifadəsi elan olunub.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

 Tacxeber.com

Oxşar xəbərlər