Səudiyyə Ərəbistanında qadınlarla bağlı çoxsaylı qadağalar var. Şəriət qaydalarına çox ciddi əməl olunur. Qadınlar seçkilərdə iştirak etmir, siyasətlə məşğul ola bilmirlər. 2016-cı ilə qədər ərli qadınlar həyat yoldaşı olmadan küçədə hərəkət etmirdilər. Niqab istifadəsi məcburidir. Qadınlara ölkəni tərk etmək hüququ verilmir.
Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınların kişilərlə birlikdə əylənməsindən danışmağa dəyməz. Bu günlərdə Səudiyyə Ərəbistanında baş vermiş bənzər hadisə böyük səs-küyə səbəb olub. Kişilərlə qadınların bir yerdə əylənməsi görünən video yayılıb. Görüntülərdə böyük zalda hər iki cinsdən olanların milli musiqinin sədaları altında rəqs etdiyi nəzərə çarpır. Videonun harada çəkildiyi bilinmir. Sosial platformaların Səudiyyə Ərəbistanı seqmentində məsələ çox böyük müzakirəyə səbəb olub. Rəylərdə ölüm təhdidləri səslənir. Sosial media istifadəçiləri həmin şəxslərin tapılıb cəzalandırılmasını tələb edir. Qadınları öldürməyə hazır olduğunu yazanlar da var.
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman son illər müasirləşmə mesajları verir. O, xüsusilə Qərbə ölkənin ümumi obrazı dəyişməyə hazır olduğunu göstərməyə çalışır. Əslində, Səudiyyə Ərəbistanında bir sıra dəyişikliklər hiss olunur. 2019-cu ildən qadınlara orduda xidmət etməyə icazə verilir. Düzdür, qadağanın aradan qaldırılması işlək mexanizmə çevrilməyib. İstənilən halda, orduda yer almaq daha onlar üçün qanunla qadağan edilməyib. 2022-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə olaraq futbol üzrə qadınlardan ibarət milli komanda yaradılıb. Həmin ilin sentyabrında Butanla keçirilən ilk rəsmi görüş 3:3 hesabı ilə başa çatıb.
Səudiyyə Ərəbistanı milli komandası yetərincə uğurlu təsir bağışlayır. Hərçənd, İspaniyada Andorra milli komandasına ardıcıl iki dəfə məğlub olub. Bu ildən Səudiyyə Ərəbistanında qadınlara qatar sürməyə icazə verilir. Ölkədə eyni zamanda ilk qadın kosmonavt hazırlanır. Tezliklə həmin şəxsin kosmosa göndəriləcəyi bildirilir. (Bizimyol)