Cəlal Şengör Türkiyənin böyük alimlərindəndir. Məşhur geoloq dünyada da çox tanınır. Cəlal Şengör fevralda zəlzələ günlərində telekanallarda xüsusilə çox görünürdü. Onun proqnozları az qala həmişə doğru çıxır. Bizimyol.info xəbər verir ki, Cəlal Şengörün növbəti proqnozu çox qorxulu səslənir. Professor İstanbulu dəhşət dolu günlər gözlədiyinə inanır. Onun fikrincə, zəlzələ şəhəri alt-üst edəcək. Şengör buna görə də şəhərdən köçmək qərarına gəlib.
“Zəlzələdən sonra İstanbulun hansı hala düşəcəyini bilirəm. 60-70 min bina tam çökməsə də, dağılacaq. Xilasetmə tədbirləri üçün küçələrə girmək mümkün olmayacaq. Şəhərə giriş-çıxış yollarının önəmli bir hissəsi istifadə edilə bilinməyən hala gələcək. Ortaya çıxacaq xaosda sağ qalanlar da günlərlə, bəlkə həftələrlə blokadada qalacaq”.
Cəlal Şengör bir müddət əvvəl əməliyyat olunub. Xəstəxanada jurnalist dostu Fatih Altaylı ilə söhbətində qərarını dilə gətirib. Hərçənd, Cəlal Şengör İstanbulda yaşadığı ərazinin zəlzələdən zərər görməyəcəyinə əmindir.
“Şəhərin elektrik enerjisi, su, kanalizasiya, qaz infrastrukturu çökəcək. İlk gün hər yerdə yanğınlar olacaq. Xilasetmə xidməti, avtomobillər, xilasedicilər özləri dağıntılar altında qalacağından, yanğınların qarşısını almaq mümkün olmayacaq. Şəhərə kənardan yardım gələ bilməyəcək. Bütün zəlzələ bölgələrinə yardım və xilasetmə qruplarının 60 faizi İstanbuldan gedir. İstanbul dağılanda şəhərə çox az heyət gələ biləcək. Gələnlər də şəhərə daxil ola bilməyəcək”-deyən Cəlal Şengörün proqnozları qorxu filmlərini xatırladır. O, şəhərin tamamilə sıradan çıxacağına inanır.
“Yeni hava limanı tökmə torpaq üzərində tikildiyindən, böyük ehtimalla zərər görəcək. Bir müddət istifadə etmək alınmayacaq. Onsuz da həmin hava limanını şəhərə bağlayan yolların başına nə gələcəyini də bilmirik. Bir neçə gün içində şəhərdə aclıq başlayacaq. Çoxlu soyğunçuluq olacaq. Ardınca epidemiyalar gələcək. Dağıntılar uzun müddət aradan qaldırılmayacaq. Şəhəri ağır bir qoxu bürüyəcək. Nəfəs almaq mümkün olmayacaq”-deyə alim qeyd edib.