“Meşə çaqqalsız olmaz, məni sevməyənlər də var” – Rasim Balayev
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan, kinomuzun “Nəsimi”si, “Babək”i kimi yadda qalan Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edildi.
Ölkə başçısı tanınmış aktyorla görüşərək, ona ordenini təqdim etdi. Həmçinin ustad sənətçinin ötən gün – avqustun 8-də 75 illik yubileyi qeyd olundu.
Sənətkarın xoş gününə sevinənlərlə yanaşı, onunla bağlı mənfi rəylər yazanlar da oldu.
“Sherg.az” R. Balayevlə əlaqə saxlayıb, həm onu təbrik edib, həm də sosial şəbəkələrdə barəsində yazılan mənfi, yaxud müsbət rəylərlə bağlı fikirlərini öyrənib.
Aktyorla qısa söhbəti təqdim edirik:
– Prezidentlə görüşünüzdən sonra təəssüratlarınızı öyrənmək istərdik…
– Bu, tək mənə yox, Azərbaycan kinosuna verilən qiymətdir. Çətin və işinin çox olduğu bir vaxtda məni yad etdiyinə görə çox sağ olsun. Əməyimə böyük qiymət verib. Biz – Azərbaycan kino işçiləri Prezident və xalqa çox borcluyuq.
– Rasim müəllim, yeri gəlmişkən… Sizcə, Azərbaycan kinosu indi arzuladığımız yerdədirmi?
-Bizdən asılı olmayan səbəblərdən kinomuz istədiyimiz səviyyədə deyil. İnanıram ki, yaxın gələcəkdə buna nail olacağıq. Təbii ki, buna 1-2 gün bəs etmir, uzun müddət lazımdır. Arzum odur ki, verilən qiymətə öz cavabımızı verək. Yəni, yeni əsərlər yaradıb həm tamaşaçıları, həm də Prezidentimizi sevindirək. Böyük qələbə qazanılıb. Zəfərimiz ekranda mütləq həll olunmalıdır. İnanıram gələcəkdə kino işçiləri bu işin öhdəsindən gələcək.