• 24 Noyabr 2024 14:35

Qurban Qurbanov: Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur…

 

“Bilirik ki, bizim üçün çox önəmli oyundur”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransında iştirak edib.

Qurbanov görüş barədə fikirlərini açıqlayıb: “Hazırlığımız pis getməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək”.

– Son vaxtlar məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. Sabahkı oyun psixoloji gərginliyi düzəltmək üçün yaxşı şansdır. Bu, əlavə gərginlik yaradır?

– Desəm ki, olmayacaq yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir bu yolla gəlirik. Mənim narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu, potensialını itirib, gücü yoxdur, narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığımız yoxdur. Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik.

– Sabah yenə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaqsınız. Bunun təsiri olacaq?

– Ola bilər. Amma əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, “Tofiq Bəhramov”a daha tanışıq. Orada da çoxdandır ki, oynamamışıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, faydası olar.

– İki il əvvəl HİK “Neftçi” ilə oynamışdı. Heyətlərində dəyişiklik baş verib. Sizcə, onların oyununda dəyişiklik var?

– Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olub. Bugünkü komandanın durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumçuları var. Onlara diqqət ayırmışıq.

– Hansısa futbolçunun zədəsi var? Əsas heyətlə bağlı hansısa dəyişiklik olacaq?

– Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiniz. Son çempionat matçında oynayan futbolçularda mikro zədələr var. Sabahkı görüşdə mane olacaqlarını düşünmürəm. Onlar sabah daha yaxşı səviyyədə olacaqlar. Ciddi dəyişiklik gözlənilmir. Amma sabaha kimi vaxtımız var.

– HİK-dən gözlədiyiniz ən böyük təhlükə nədir? Hansı tədbir görəcəksiz?

– Burada desəm düzgün çıxmaz. Amma rəqibin çox yaxşı kollektiv müdafiə xətti var. “Rakuv”un oyun stilinə yaxın oyun oynayırlar. Sürətli oyunçuları var. Buna diqqətli olmalıyıq. İldən-ilə təcrübə toplayırlar, istənilən rəqibə qarşı rahat öz oyununu diktə edə bilirlər.

– “Rakuv”la oyun və “Zirə” məğlubiyyətindən sonra sanki üzərinizə təzyiqlər daha çox oldu, tənqidlərə məruz qaldınız. Geridə qalan bir həftəni necə keçirdiniz?

– Mən Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Bizi danlayırılar, narazılıq edirlər, etiraz edirlərsə, övlad kimi bunu düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, bizim vətənimizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbaycanlılarımı və vətənimi çox sevirəm.

Qeyd edək ki, “Qarabağ” – HİK matçı saat 20:00-da başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər