• 22 Noyabr 2024 00:01

Əlisa Nicat: “Yox əşi, nə deputat, bu ayrı Qənirə xanımdır…” (MÜSAHİBƏ)

Bu gün Azərbaycanın sevilən yazıçılarından olan Əlisa Nicatın ad günüdür. Yazıçının 88 yaşı tamam olur. 

 Yazıçı Əlisa Nicatı doğum gününü həmişə öz evində keçirdiyini bildirdi.

– Bu günə kimi evimdən başqa yerdə ad günü keçirməmişəm. Mən ancaq evimdə rahat oluram. Dostlar sağ olsun, dəvət edirlər, məclis təşkil edirlər, amma getmirəm. İctimai telviziyada bir dəfə mənə həsr olunan veriliş hazırladılar, ancaq ora gedib gəldim, vəssalam. 88 yaş zarafat deyil. Ona görə oturmuşam Masazırdakı evimdə, dincəlirəm. Evimin də şəraitinə söz ola bilməz. Gəlib düzətdilər, insan yaşayası hala saldılar. Güzgü kimi bir ev verdilər mənə. Sağ olsunlar, dünyada hələ də insanlıq itməyib, gözəl insanlar varmış. Evyanı bağlayıb şüşəbənd ediblər. Kitablarım yerdə-yurdda gedirdi əldən. Köhnə şkafları atıb təzəsini aldılar. Evdə nə var təzələyiblər. Hamam da evin işindədir. Bir sözlə, indi bilirəm ki, yaşayıram.

– Evinizin təmirini kim edib, sizə kimlər dəstək oldu? 

– Şahbaz Xuduoğlu və iki xanım, vəssalam.

– Xanımlar kimdir, adını deyə bilərsiniz?

– Biri Qənirə xanım, biri də Zemfira.

– Yəqin ki, söhbət Millət vəkili Qənirə Paşayevadan gedir.

– Yox əşi, nə deputat, bu ayrı Qənirə xanımdı. Zemfira xanım da onun qızıdır. Ziyalı ailədəndirlər. Deyəsən şirkətləri var, təmir-bərpa işlərini onun hesabına etdilər. Allah onları saxlasın, mənə qalsaydı, bir şkaf da ala bilməzdim.

– Tək yaşayırsınız?

– Bəli, 4 otaqlı evimdi, oğlum, gəlinim orda yaşayır. 10 il olar ki, hörmətli deputatlardan biri də mənə iki otaqlı ev tikdirdi. Hazırda deputatın mənə tikdirdiyi evdə yaşayıram. Uşaqlarla mənim üçün çətindir. Odur ki, təkliyi seçdim, sakitlikdi, kitablarla oturub-duran adamam.

– Bəs ev işlərinizi kim görür?

– Bütün işləri gəlin edir. Bişirib gətirir. Evin təmizliyi də onun ixtiyarındadır.

– Yoldaşınızın vəfatından sonra niyə evlənmirsiniz? Tək çətin deyil?

– Yoldaşım iki il əvvəl rəhmətə gedib. Ondan sonra nə evlənmək? Lap belə tək olsaydım belə, baxanım olmasa da, evlənməzdim. Bu saatdan sonra nəyimə lazım evlilik?

– Doğum gününüzdə Yazıçılar Birliyindən nə gözləyirsiniz?

– Heç nə. Bu günə kimi nə olub ki, bu gündən sonra nə olsun?

– Səbəb?

– Anarın mənimlə arası yoxdur. Düşməndir mənimlə. Məni bir dəfə saymadı. Hətta bütün qələm adamlarına verdiyi bir illik mükafatı belə mənə qıymadı. Adımı yazdılar, Anar gələn kimi adımın üstündən xətt çəkdi, pozdu. Qisas aldı məndən…

– Anar kimi bir ziyalının sizdən alıb-verə bilmədiyi nədir?

– Haçansa Rəsul Rza haqqında fikir demişəm. Əslində olmuş, özümlə əlaqədar hadisəni demişəm. O da Anarın acığına gəldi. Mən də bilmədim, gərək deməyəydim. Bir dəfə Rəsul Rza məndən balıq istədi, mən də qulaqardına vurdum. Bu da mənə zərər vurdu, Rəsul Rza imkan vermədi “Qızılbaşlar” romanım çıxsın. Bunu dedim, Anar da bunu eşidib düşmənçilik apardı.

– Birliyin o qədər üzvləri, səlahiyyətli şəxsləri var, məsələn, dünya şöhrətli Cingiz Abdullayev də sizə dəstək olmur?

– Birliyin qayda-qanunu var, bundan xəbəriniz yoxdur? Anar orada diktatordur, kimsə birlikdə onun əleyhinə gedə bilməz. İllər öncə birliyə getmişdim, Anar yox idi. Məni hörmətlə qarşıladılar, təqaüd veriləcək-filan. Elə ki Anar gəldi, ondan sonra birliyə gedəndə məni hörmətlə qarşılayan xanımlar da üz döndərdilər. Ağızlarını açmadılar.  Elə bil Əlisa Nicat deyil gələn. Dostlar sağ olsun, zəng edib təbrik edirlər. Kitablarımı kim oxuyursa hamısı məni təbrik edir. Həm gəlir, həm də təbrik edirlər. Sağ olsunlar, məni təbrik edən hər kəsə təşəkkür edirəm. İnsan bu dünyadan köçəndə özü ilə heç nə aparmır.

(Qaynarinfo)

Tacxeber.com

Oxşar xəbərlər