• 22 Noyabr 2024 11:26

Ramiz Rövşən oğrudurmu?

Ramiz Rövşən oğrudurmu? 

Şeir yaddaşım pis deyil. Bunun zaman-zaman faydasını görsəm də, zərəri də olub. Bəzən adamı olur-olmaz işlərə salır… Dünən başıma gələn əhvalat kimi…

Qəflətən Nəcip Fazil Qısakürəyin adına FB-da yayılmış misraları gördüm:

Varmı Allahtan yukarı,

Kabirden aşağı?

Toparlan ruhum gidiyoruz,

Sen yukarı, ben aşağı…

Yadıma Ramiz Rövşənin məşhur gəraylısı düşdü… İlk iki və son iki misrası belədir:

Nə var Allahdan yuxarı,

Nə var qəbirdən aşağı?

…Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı.

Əvvəl bunun sadə bir oyun olduğunu düşündüm. Amma Google-a müraciət edincə məsələ qəlizləşdi: belə ki, onlarla mənbədə bu misraların müəllifi kimi Nəcip Fazil göstərilir.

Hər iki müəllifin misralarını FB səhifəmdə paylaşdım, maraqlı müzakirə-mübahisə alındı. Təbii, kommentin məhdud çərçivəsində mətləbi 12-dən vuran olmadı. O səbəbdən bu barədə qısa da olsa yazmaq qərarına gəldim.

Türk qardaşlarımızın dəfələrlə bizim mahnılarımızı anonim və ya erməni mahnısı kimi təqdim etməsinin şahidi olmuşuq. Ədəbi nümunələrimiz də bunun güdazına gedə bilər. Üstəlik, məşhur türk şairlərinin adına onların olmayan şeirlərin yayılması da Türkiyədə az qala ənənə halını alıb. Bizim özümüzdə çoxlu Nəsimi mövcuddur. Yadınızdadırsa, Füzuli özünə ona görə pis məna verən (uzunçu, çərənçi) təxəllüs götürmüşdü ki, bu adla yazan olmasın. Digər tərəfdən, aşıq ədəbiyyatında aləm biri-birinə dəyib. Hətta müasir el şairlərinin belə şeirləri qarışıq düşür. Deməli, bu hal mümkündür ki, Ramiz Rövşənin şeirini Nəcip Fazilin adına yayımlasınlar. Ancaq sözdən anlayan adam üçün ən böyük informasiya və mənbə elə həmin sözün özüdür – harada və necə təqdim olunması deyil! Çünki şairin üslubu, intonasiyası, söz ehtiyatı, istifadə etdiyi simvollar onu hər bir misrada nişan vermək iqtidarındadır. Ramiz Rövşəni Nəcip Fazillə oxşarlaşdıran simvolik düşüncə tərzidir. Ancaq Nəcip Fazildə forma və intonasiya qismən dəyişsə belə (türk əruzu) klassik irfan simvolları dəqiqliklə saxlanılır. O, səhv etmir. Ancaq Ramiz Rövşən “Göydən ölü Allah düşəcək” misrasını yazacaq qədər “cəsarətli”dir.

Bu misralar niyə Nəcip Fazilin ola bilməz?

Bayaq saydığım keyfiyyətlərdən əlavə irfan-islam kontekstini dəqiq bilən azman bir sənətkar heç vaxt “mən” deyərkən ruhunu qoyub cəsədini nəzərdə tutmaz. Çünki islama görə əsas olan, əbədi olan ruhdur. Cism müvəqqəti və fanidir. İnsan iylənən, çürüyən, qurd-quşa yem olan cismiylə deyil, Allahdan bir zərrə olan ruhuyla mövcuddur. Ona görə ölüm son deyil, dünyanı dəyişməkdir, Allahın hüzuruna qayıtmaqdır. Fikrimi sübut etmək üçün klassik şeirimizdən onlarla misal çəkə bilərəm. Ancaq uzunçuluq etmədən başqa bir mətləbə keçirəm.

Ədəbi görüşlərin birində tənqidçi dostumuz Əsəd Cahangir bu şeir barədə Ramiz Rövşənə sual verdi, ruha deyil, cəsədə “mən” deməyinin səbəbini soruşdu. Ramiz müəllim güldü və belə cavab verdi: “Bütün şairlər kimi bəzən mən də şeytana uya bilərəm!”

Amma əmin olun, Nəcip Fazil bəhs etdiyimiz kontekstdə şeytana Ramiz Rövşən qədər uymadı.

Ruhunu buraxıb cəsədinin dalınca düşəcək qədər yenilmədi!

2014

Kulis.az

Tacxeber.com

Oxşar xəbərlər