• 23 Noyabr 2024 09:42

“Yaşar Əliyev çıxışının sonunda diplomatiya üçün qeyri-standart, eyni zamanda kifayət qədər produktik hərəkət etdi” – RƏY

 

“BMT-nin Təhlükəsizlik Şurasında aparılan müzakirələr kifayət qədər konstruktiv keçdi. Düzdür, bəzi istisnalar oldu. Azərbaycana qarşı qərəzli çıxışların şahidi olduq. Ancaq bütün bunlara rəğmən, Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Ermənistan dövlətinin, dünya ermənililiyinin, lobbi təşkilatlarının apardığı böhtan, şantaj, iftira dolu təxribat kampaniyası bəhrəsini vermədi. Son iki həftə ərzində Laçın yolu ətrafında Ermənistanın təbliğat maşını Azərbaycan əlayehinə çox ciddi kampaniyaya başlamışdı. “Humanitar böhran”, “blokada”, “soyqırımı” terminlərindən istifadə edərək dünya birliyini aldatmağa cəhd etdilər. Reallıqlardan uzaq, saxta faktlarla Azərbaycana qarşı hər hansı qətnamələrin qəbul edilməsini tələb edirdilər. Laçın yolu üzərində qurulmuş sərhəd-nəzarət məntəqəsinin götürülməsinə çağırışlar edirdilər. Bəhrəsi olmadı, Azərbaycan diplomatiyası qələbə çaldı. Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verdi və müzakirələrdə bir kəlimə də olsun erməni təbliğatının ittihamları səsləndirilmədi. Laçın yolu üzərindəki sərhəd-nəzarət məntəqəsinin götürülməsi də Azərbaycandan tələb olunmadı. Azərbaycanın beynəlxalq miqyasda tanınmış, suveren hüquqları bir daha təsdiq olundu. Bütün bunlar diplomatiyamızın uğurudur”.

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı  çıxışı kifayət qədər tutarlı, balanslaşdırılmış, reallığı tam şəkildə əks etdirən çıxış idi: “Hesab edirəm, Ermənistanın rəsmi dövlət siyasətinə, lobbi təşkilatlarına, diasporuna, satın alınmış bir çox siyastəçilərə tutarlı cavab idi. Bu, çox diqqət çəkdi. Yaşar Əliyevin çıxışını yüksək qiymətləndirirəm. Bütövlükdə, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın xeyrinə oldu. Ermənistan, Qarabağ erməniləri, separatçılar bundan düzgün nəticə çıxarmalıdır. Əks halda, biz, təbii ki, öz qanuni haqlarımızın icrası istiqamətində lazımi addımları atacağıq. Lazım gəlsə, anti-terror əməliyyatları keçirilə bilər. Hesab edirəm, dünənki müzakirələrdən sonra alternativ yol açılacaq. Yaxın zamanlarda Ağdam-Xankəndi yolunun açılışının şahidi olacağıq”.

N.Məhəməliyev Yaşar Əliyevin çıxışında ermənilərin “aclıq şousun”u “İnstagram”da paylaşdıqları fotolarla ifşa etməsinə də münasibət bildirib: “Düşünürəm, Yaşar Əliyev çıxışının sonunda diplomatiya üçün qeyri-standart, eyni zamanda kifayət qədər produktik hərəkət etdi. Bu, əlbəttə ki, mövcud reallığı əks etdirir. Ermənilər yaddan çıxarırlar, artıq dövr o dövr deyil ki, texnika olmasın, istənilən yalanı danışa, hamını aldada, kimlərinsə etimadını qazana biləsən. İndi informasiya kommunikasiya texnologiyaları əsridir. Sosial şəbəkələrdə hər bir bölgənin sosial vəziyyəti, yaşayış şəraiti, insanların davranışları tam əksini tapır. Yaşar Əliyev simvolik olaraq Qarabağda yaşayan ermənilərin şadlıq məclislərinin keçirilməsinin, tortun fotosunu göstərdi. Bunlar tam reallığı əks etdirir və erməni sosial şəbəkələrinin məhsuludur. Bir var ki, erməni rəsmi siyasəti – bununla istənilən bütün böhtanlara gedirlər, yalanlar danışmağa utanmırlar. Erməni sosial şəbəkələri isə özü-özlüyündə faktları göstərdi”.

Tacxeber.com

Oxşar xəbərlər