Xəbər verdiyimiz kimi “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli bir neçə gün əvvəl Heydər Əliyev prospektində ağır avtoqəza törədib. Nəticədə bir nəfər həyatını, bir nəfərsə əlini itirib. Blogerin bu hərəkəti təbii ki, cinayət məsuliyyəti yaradıb.
Bəs, indiki vəziyyətdə Nicat Şakirlini hansı cəza gözləyir?
Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.
Bizim.Media-ya açıqlamasında o bildirib ki, bu hadisə Cinayət Maddəsinin 263-cü maddəsinin 2 bəndi ilə tövsif olunacaq:
“Bu maddələrin biri ağır xəsarət yetirmədir, biri də ehtiyatsızlıqdan ölümə səbəb olmadır. Ağır xəsarət yetirməyə görə 3 il həbs və yaxud 3 ilədək azadlığın məhdudlaşdırılması, ölümə səbəb olmaya görə isə 2 ildən 6 ilədək azadlıqdan azadetmə cəzası nəzərdə tutulur. Əgər blogerin sərxoş vəziyyətdə avtomobil idarəetdiyi sübut olunsa onda onun əməli CM-nin 263-cü maddəsi ilə deyil, 263-1-lə qeydə alınacaq. Belə olanda cəzalar ağırlaşır. Sürücü içkili halda ölümə səbəb olubsa, 5 ildən 8 ilədək, ağır xəsarət yetiribsə, 4 ilədək azadlıqdan məhrum edilə bilər. Və iki hal baş veribsə, hər iki cəza toplanır. Ola bilsin ki, günahkar 6-7 və bəlkədə 8 ildən çox cəza ala bilər”.
Əsabəli Mustafayev onu da qeyd edib ki, əgər hadisə ayıq vəziyyətdə törədilibsə və xəsarət alan şəxslə barışıq əldə olunubsa onda təqsirkar şəxs məsuliyyətdən azad oluna bilər:
“Ölüm hadisəsi törədildikdə və barışıq olarsa onda sürücü 2 il və yaxud ondan az müddətdə həbs oluna bilər. Bir məsələni də qeyd edim ki, əgər verilən cəza 5 ilə qədərdirsə onda o məntəqətipli cəzaçəkmə müəssisəsində yerləşdirilir. Bu da o deməkdir ki, bütün günü harada olursansa ol, gecələr cəzaçəkmə müəssisəsində qalırsan. 5 ildən çox olanda isə məhbus kalon tipli cəzaçəkmə müəssisəsinə göndərilir”.