Səbail rayonu, Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) aparılan qanunsuz tikinti işləri dayandırılıb.
Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, vəziyyət nəzarətə götürülüb və Dövlət Komitəsi davam edən bütün tikinti işlərinin dərhal dayandırılması barədə qərar qəbul edib. Faktla bağlı qanunvericilikdə nəzərdə tutulmuş təxirəsalınmaz müvafiq tədbirlərin görülməsi üçün dərhal Bakı şəhəri və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilib.
“Hazırda tikinti işləri dayandırılıb və vəziyyət Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən nəzarətə götürülüb”, – deyə idarənin məlumatında deyilir. (Unikal)