• 24 Noyabr 2024 20:15

İdmana görə təvəllüdünü dəyişdi, Rəşad Dağlının toyunda məşhurlaşdı –  Vüqar Biləcəri haqqında MARAQLI FAKTLAR

 

Bu gün mərhum meyxanaçı Vüqar Biləcərlinin doğum günüdür.

Tacxeber.com mərhum meyxanaçının həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

İdman sevgisinə görə təvəllüdünü dəyişdi…

Vüqar Paşayev məhz bugünkü tarixdə Bakıda Biləcəri qəsəbəsində dünyaya göz açıb. Əslində 1987-ci ildə anadan olan meyxanaçı uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləşə görə təvəllüdünü bir yaş kiçildilib. Yəni çoxları onun 1988-ci ildə doğulduğunu düşünür. Təxəllüsü “Biləcəri” olsa da, əslən Bakının Hökməli kəndindən olub. Vüqarın atası yük maşını sürücüsüdür. Onun bir qardaşı və bir bacısı var. Özü isə ailənin böyük övladı olub. Hələ 12-13 yaşlarından etibarən Füzulini oxumağa başlayan meyxanaçını ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.

O, bir müddət güləşlə məşğul olub. İdmana beynəlxalq nailiyyətlərə yüksələcək qədər davam etməsə də, yaxşı güləşçi idi. Amma ədəbiyyat onu idmandan uzaq salıb. Elə məktəbdə oxuduğu vaxtlarda əruza olan marağı onu meyxanaya çəkib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayıb. Biləcəridə onun və dostlarının toplaşdığı məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orada uzun müddət meyxana deyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin qalın kitablarının üstünə qoyub, yatmış halda görüblər. İlk dəfə 2004-cü ildə “De, Gəlsin!” meyxana yarışmasına qatılan Vüqar 16 yaşı olmasına baxmayaraq,  finala qədər irəliləyib. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, Mehman Əhmədli Vüqar Biləcərinin istedadının bənzərsiz olduğu etiraf etsə də, Vüqar həyəcana görə texniki səhvə yol verir və  adaşı Vüqar Şiriyevə məğlub olur. O,  ikinci dəfə də “De, Gəlsin!” lahiyəsinə çıxır və yenə də, özünəməxsus iz qoyur.

Taleyini dəyişən o gecə..

Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin maddi tərəfi onu sıxırdı. Başqa işlərdə çalışaraq özünü təmin etmək istəyirdi. Düzdür, həmin ərəfələrdə artıq bütün meyxanaçıların yeni bir rəqibin meydana çıxdığını aydın hiss eləmişdi. Bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın. Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib, bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, izləyicilər ondan əl çəkmirlər. Bir anda məşhurluğu hər yana yayılır. Xüsusən də həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini bir anda kütlənin sevimlisinə çevirir.

Anasının vəziyyəti onu məhv etdi…

Vüqarın anası 50 illik yubileyində insult keçirir. Bu hadisə onun həyatında ən ciddi sarsıntı olur, 25 yaşında siqaret çəkməyə başlayır. Anasına bağlı olan qəzəlxan ölüm yatağında olan anasının ayaqlarından öpürmüş. Vüqar evlənməməsini də sənəti ilə bağlayır. Gecələr toyda olduğundan heç kəsi narahat etmək istəmədiyini deyirdi. Anasına söz veribmiş ki, artıq ömrünün geridə qalan hissəsini bütün lazımsız vərdişlərdən, hətta meyxanadan da uzaq, sakit həyat yaşayacaq. Hətta karantin bitən kimi meyxanadan gedəcəyini deyibmiş. Son günlərində ancaq ölümdən danışırmış. O, öz taleyini, ailə həyatını, evlənməməsini “Dəli Yellər” mahnısında kədərlə qələmə alıb.

Ölümündən əvvəlki son sözü…

Vüqar dünyasını dəyişməzdən 1 ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Bədəni olduqca zəiflədiyindən müalicənin xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən 1-2 gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı Xan Mirzəyə zəng edib.

“Salam. Mənəm, özünü bədbəxt eləyən şair. Ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın” deyə söyləyib.

Artıq son günlər öləcəyini bilirmiş. Bütün əzizlərinə zəng edib, Hz.Əlidən şeir deyib, hönkürtü ilə ağlayırmış. Avqust ayının 28-i gecə saatlarında meyxanaçının vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar. Vüqarın uşaqlıq dostu Hacı Rövşən ölüm anında onun başının üstündə imiş. O deyir ki, artıq danışa bilmədiyini, gözlərin bağlandığını gördükdə əlini sinəsinə qoyub “Ayətül-kürsü” oxuyub. Vüqarın səsi çıxmasa da, ağzını açıb bağlayaraq ona təşəkkür edib. Sonra Rövşən onun qismən rahatlaşdığını görərək xəstəxananın həyətinə düşüb. Qayıdanda isə Vüqarın artıq reanimasiyada olmadığını görüb. Həkimlərdən onun hansı palataya köçürüldüyünü soruşanda, tibb bacısı başını yelləyərək ürəyinin dayandığını deyib./sfera.az

Tacxeber.com

Oxşar xəbərlər