• 20 Sentyabr 2024 13:28

“Putin Sobçakın portfelini daşıyan, ona qəhvə süzən heç kim, ağılsız birisi olub…”

“Bu, biabırçı, cəfəng və açıq-aşkar sarsaq ifadələrdir…”

Saratovdan “Vahid Rusiya” partiyasının üzvü Putin haqqında aşağılayıcı fikirlər söyləyib və dərhal cavabını alıb.

Bu barədə “bloknot.ru” nəşri məlumat yayıb.

Rusiyanın Saratov vilayətinin balaca Marks şəhərində heç də zarafata bənzəməyən “siyasi” ehtiraslar qızışıb.

“Vahid Rusiya” partiyasından olan yerli deputat Yuliya Truxmanovaya “liberal qadın” damğası vurulub və o, təqiblərə məruz qalır.

Hər şey sosial şəbəkələrdə onun “Yabloko” partiyasından öz namizədliyini irəli sürən Dmitri Lipenski ilə söhbətinin aidioyazısının üzə çıxmasından başlanıb.

Söhbət zamanı 90-cı illərdə özəlləşdirmə prosesi müzakirə edilib. Lipenski deyib ki, bu prosesdə Rusiyanın indiki prezidenti Vladimir Putin iştirak edib.

Truxmanova cavabında deyib ki, Putin o zaman Anatoli Sobçakın (o zaman Leninqradın meri) portfelini daşıyıb, ona qəhvə süzüb, “heç kim” və “ağılsız birisi” olub.

O, həmçinin qeyd edib ki, Putin prezident postunu tutarkən “hətta harada əyləşdiyini belə anlamayıb”. “O, həyatda heç nəyi anlamayan boşboğaz olub, ona “get, yerində əyləş” deyilib və prezident postuna təyin edilib”, – deputat əlavə edib.

Bu videoyazı üzə çıxandan sonra Truxmanova bəyan edib ki, onun çıxışı montaj edilib.

“Yerləşdirilən audioyazı söhbətin mövzusunun mənasına uyğun deyil. Mən həmsöhbətimə indiki prezidentin siyasətinin yeganə düzgün olduğunu çatdırmaq istəmişəm.

Müzakirə zamanı mən hətta özəlləşdirmənin dələduz sxemlərinin prezidentimizə aidiyyəti olmadığı fikrini vurğulamışam. Mətndən çıxarılan fikirlər heç bir halda prezidentə şamil edilməyib”, – o, “V kontakte” şəbəkəsində yazıb.

Bundan başqa, Truxmanova şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etməyi vəd edib.

Lakin “Vahid Rusiya” partiyasının regional şöbəsi deputatın sözlərini “biabırçı, cəfəng və açıq-aşkar sarsaq ifadələr” adlandırıb.

Truxmanovanın partiyadan, fraksiyadan və “Vahid Rusiya” partiyasından deputatlığa namizədlər sırasından xaric ediləcəyi vəd edilib.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər