Priqojinin cəsədi hələ 100% dəqiqliklə müəyyən edilməyib…
“Vaqner” terror qruplaşmasının lideri Yevgeni Priqojinə məxsus “Embraer ERJ 135” biznes təyyarəsinin qəzaya uğradığı yerdə onun telefonu tapılıb.
Bu haqda “Əl-cəzirə” məlumat yayıb.
Nəşrin mənbələri bildirir ki, Priqojinin cəsədi hələ də qəza yerində tapılan cəsədlər arasında 100% dəqiqliklə müəyyən edilməyib, lakin jurnalistlərin həmsöhbəti “Vaqner” liderinin öldüyünə şübhə etmir.
Bildirilir ki, “FSB”-nin və Rusiya İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə baxış keçirməyə başlayıblar. İstintaq hərəkətlərindən sonra meyitlər səhər saatlarında Tverdəki meyitxanaya göndəriləcək və orada onların tanınması cəhdi aparılacaq. Həmçinin DNT testi də aparılacaq.
Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə güclü projektorlar quraşdırılıb, məhkəmə-tibb ekspertləri ölənlərin cəsədlərini və biznes uçağının qalıqlarını fəal şəkildə yoxlayır.
Xatırladaq ki, gecə saatlarında “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalına istinadla hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarənin Rusiya hava hücumundan müdafiə sisteminin raketi ilə vurulduğu haqda məlumat yaymışdıq…
Bir müddət əvvəl isə dünya mediasında “vaqner”çilərin öz liderləri Priqojinin ölümünə görə Rusiya diktatoru Putindən qisas alacaqlarını vəd etməklər haqda xəbərlər yayılıb…