• 25 Noyabr 2024 07:13

Təyyarə qəzası zamanı 5220 metr hündürlükdən yerə düşdü və sağ qaldı.

24 avqust 1981-ci il, Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsi ilə Tu-16 bombardmançısı toqquşur. Nəticədə 37 nəfər həlak olur. Amma bir nəfər, 20 yaşlı sərnişin Larisa Savitskaya 5220 metr hündürlükdən yerə düşsə da sağ qalır.

Hadisə mülki və hərbi dispetçerlərin, eləcə də hər iki ekipajın səhvi ucbatından baş verib.

Yeni evlənən Larisa Savitskaya (qızlıq soyadı Andreyeva) əri Vladimirlə toy səyahətindən qayıdırdı. Onların yeri təyyarənin ortasında idi, amma boş yerlər çox olduğundan tələbə ər-arvad arxada otururlar.

Qəza zamanı Savitskaya yatıbmış. Güclü zərbədən və qəfil soyuqdan oyanır. Az sonra təyyarə parçalanmağa başlayır. Savitsakaya və ərinin də olduğu 3×4 metr ölçülərə malik parça sonrakı hesablamalara əsasən 8 dəqiqə ərzində düşür. Yerə çatmağa az qalmış tozağacı meşəsinə toxunur və bu, zərbəni zəiflədir.

Huşunu itirən Larisa özünə gələndə ərinin və iki sərnişinin öldüyünü görür. Özü ciddi xəsarətlər alsa də, sərbəst hərəkət edə bilir. Lakin düşdüyü yeri tərk etmir, parçalardan özünə sığınacaq düzəldir və xilasediciləri gözləyir. Onu hadisədən sonrakı üçüncü gün tapırlar.

Həkimlər Savitskayaya beyin silkələnməsi, onurğanın beş yerdə zədələnməsi, qolun və qabırğaların bir neçə sınığı diaqnozu qoyurlar. O, həm də bütün dişlərini ititrir. Buna baxmayaraq, əlillik ala bilmir. Sovet qaydalarına görə, zədələrin heç biri əlillik üçün əsas deyildi, hamısını toplayıb almaq da mümkün deyildi.

Qosstrax adlı dövlət sığorta şirkətinin qaydalarına görə isə aviaqəzada ölənlər üçün 300 rubl, xəsarət alanlar üçün 75 rubl ödənilirdi. 5 min metr hündürlükdən düşən və çoxsaylı xəsarətlər alan Larisa Savitskayaya da 75 rubl verilir.

Sonrakı illərdə xeyli maddi çətinliklərlə yaşayır. Yalnız SSRİ-nin son illərində üzləşdiyi aqibət ictimailəşəndən sonra (SSRİ-də aviaqəzalar haqqında məlumat gizli saxlanılırdı) populyarlaşır, mətbuat və telekanallar ondan çoxsaylı müsahibələr alır. Bu da maddi vəziyyətinə müsbət təsir edir.

2022-ci ildə haqqında “Bir nəfər” (Одна) adlı film çəkilir.

62 yaşlı Larisa Savitskaya hazırda Moskvada yaşayır.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər