“Binada olanların hamısı yaralanıb və ya qətlə yetirilib, yaralılar arasında Rusiya DİN polkovniki və onun müavini də var…”
“FTX qərargahı da dron hücumuna məruz qalıb, öldürülmüş qəsbkarların cəsədləri hərbi maşınlarla Melitopol istiqamətinə aparılıb…”
Avqustun 28-də, səhər saat 09:50-də Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Enerqodar şəhərində, Rusiya Qvardiyasının “Ahmat-1” bölməsinin improvizə edilmiş “kazarması” yerləşən binada güclü partlayış baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat verib.
Şəhərin işğalından sonra “kadırovçular” İnşaatçılar küçəsi, 46 ünvanında əvvəllər Ukrayna banklarının birinin şöbəsinin yerləşdiyi binanı zəbt edib və öz ehtiyacları üçün yenidən uyğunlaşdırıb, BKİ qeyd edib.
“Partlayış nəticəsində işğalçıların şəxsi heyəti və həyətdə park etmiş avtomobilləri zərər çəkib. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib.
Ölən və yaralanan “kadırovçuların” sayı barədə məlumat dəqiqləşdirilir. Mülki əhali arasında qurbanlar və zərərçəkənlər yoxdur”, – BKİ-nin məlumatında deyilir.
Dərc edilmiş videodan görünür ki, “kadırovçuların” kazarmasına zərbə kamikadze-dronla endirilib.
Çeçen müxalifətçilərinin “Qafqaz-mərkəz” saytının məlumatına görə, zərbə məqamında “kadırovçular” iclas keçirib.
“Binada olanların praktiki olaraq hamısı ya yaralanıb, ya da qətlə yetirilib. O cümlədən Rusiya DİN pokovniki Çesanov, onun müavini, istintaq şöbəsinin rəhbəri və bir sıra bölmələrin rəisləri yaralanıb. Onlar xəstəxanaya çatdırılıb”, – onlayn-nəşr yazıb.
Bundan başqa, FTX qərargahı da hücuma məruz qalıb. Hücum zamanı binada işğalçı qoşunların şəxsi heyəti üçün tədbir keçirilib.
Məlumatda deyilir ki, “öldürülmüş qəsbkarların cəsədləri bir neçə “Ural” hərbi maşınlarla Metropol istiqamətinə aparılıb.
“ASTRA” müstəqil jurnalistlər layihəsi dron hücumundan sonra çəkilən fotoşəkil dərc edib. Fotoşəkildə dağıdılmış binada “Vahid Rusiya” partiyasının ictimai qəbul otağının cədvəli asılıb.