“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Çox gərgin oyun alındı. Nəticə bizi qane etdi”.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan (ilk matç – 0:2) sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis komandasından razı qaldığını deyib:
“Heç bir futbolçuya irad bildirmək istəmirəm. Bu gün çox əziyyət çəkdilər. Problemlərimiz var idi, amma qrupa düşmək çox vacib idi. Bu səviyyədə qalmağı bacarmaq əhəmiyyətliydi. Azarkeşlərimizi Avropa futoblundan ayırmadıq. Bizim üçün çox böyük təcrübə oldu. Heyətdə xeyli dəyişikliklər var idi. Futbolçuların bir çoxu belə turnirlərdə oynanamışdılar. İnanıram ki, bu təcrübə bizə böyük kömək olacaq”.
Baş məşqçi komandaya müdafiədən oynamaq tapşırığı vermədiyini deyib:
“Bizim üçün nəticə çox vacib idi. Digər oyunlarda müdafiəyə bu qədər fikir verməmişdik. Arxa xətdə etibarlı oynamaq vacib idi. Hücum etmək istəyirdik, amma rəqibin risk edəcəyi gözlənilən idi. Lazım olan anda yaxşı müdafiə oluna bildik. Amma komandaya müdafiədə qalmaq tapşırığı verməmişdim. Futbolçulardan narazı olacağım məqam yoxdur”.
Mütəxəssis son oyunlarda şans qazanmayan Şahruddin Məhəmmədəliyevin gələcəkdə oynayacağını bildirib:
“Şahruddin bizim üzvümüzdür. Sadəcə, bəzən düşünmədiyimiz hallar yaşanır. Buna görə komandada oyunçuların sayı çox olur. Kimsə performansından uzaq olanda digərindən yararlanırıq. Şahruddinə gələcəkdə şans verəcəyik”.
Q.Qurbanov qrup mərhələsində hansı komandalarla qarşılaşmağın fərqinin olmadığını söyləyib:
“Məndə heç vaxt belə düşüncə olmayıb. Futbolun inkişafı üçün azarkeşlər bəzən böyük klubları istəyirlər. Kim olsa, narazılıq bildirməyəcəyik. Böyük klublar olanda böyük hesabla uduzmaq riski olur, amma onları canlı görmək, tanımaq mənim üçün həmişə xoş olub. Böyük klublarla düşsək, narazı olmaram, əksinə, sevinərəm”.
Çalışdırıcı 10-cu dəfə qrupa düşməyi daha çox arzuladığını gizlətməyib:
“Hər il qruplarda oynamaq həm hamımıza əlavə məsuliyyət yükləyir, həm də böyük inam verir. Böyümək üçün çətinliklərə hazır olmalıyıq. Bu il 10 rəqəmini tamamlamaq istəyirdik. Bəlkə də, mənim üçün hansısa illərdən daha önəmli oldu”./Report