Bunu Trend-ə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
“Gördüyünüz kimi, artıq axşam saatlarıdır, yəni biz gözləmə mövqeyindəyik. 4-cü gündür ki, gözləyirik. Müəyyən problemlər səbəbindən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməni əsilli sakinlərə təhvil verə bilməmişik.
Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa, biz burada gözləyəcəyik. Məqsədimiz, məramımız bəllidir. Gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərə çatdıracağıq.
Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik. Bu gün danışıqlar aparıldı, amma gördüyünüz kimi, nəticə yoxdur”, – o bildirib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.