• 21 Sentyabr 2024 04:26

Bakı Qarabağda kiminlə dil tapa bilər? – “Bu o adamlar olacaq ki…”

“Sonuncu Bakı-Xankəndi görüşləri rus sülhməramlılarının iştirakı ilə Xocalıda keçirilmişdi. Orada “təhlükəsizlik şurası katibi” Samvel Şahramanyan iştirak edib və reinteqrasiya məsələsini müzakirə etməkdən qəti şəkildə boyun qaçırıb. O deyib ki, sadəcə Qarabağ ermənilərinin texniki təchizat məsələlərini müzakirə etməyə hazırdır. Buna görə də Şahramanyanın Azərbaycana qarşı loyal münasibət göstərəcəyinə inanmıram”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Qarabağ separatçıları arasında silsilə “istefa”lardan sonra Azərbaycanla masaya otura biləcək şəxsin kimliyi barədə danışıb.

Z. Əlizadənin sözlərinə görə, A. Arutyunyan və digərlərinin “istefa”sı verməsi onu göstərir ki, separatçılar hazırda pərən-pərən olub və nə edəcəklərini bilmirlər:

“Artıq hər kəs öz canını qurtarmaq haqqında düşünür. Hazırda bölgədə antiterror əməliyyatının keçirilməsi gündəmdədir. Azərbaycan tərəfi gözləyir, əgər qanunsuz silahlı dəstələr tərksilah olunsa, əməliyyat təxirə salına bilər. Yox, görsək ki, hadisələrin inkişaf istiqaməti fərqli səmtədir, həmin hərbi birləşmələri çıxarmaq istəmirlər, onda antiterror əməliyyatı qaçılmaz olacaq”.

Politoloq əlavə edib: “Danışıqlarda Azərbaycan üçün uyğun fərdin adını bilməsəm də, onun kimliyi haqqında deyə bilərəm ki, bu şəxs, yaxud şəxslər Qarabağ ermənilərinin Azərbaycanda dinc yaşamasını təmin edən, davasız-şavasız, qanun çərçivəsində erməni vətəndaşların insan haqlarını, konstitusion hüquqlarını müdafiə etməyə və Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa qadir olan adamlar olacaq. Çox güman ki, siyasilər olmayacaq, çünki siyasilərin çoxu separatçıdır. Mənə elə gəlir ki, bu şəxslər Qarabağ ermənilərinin ağsaqqalları, ziyalıları olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər