• 22 Sentyabr 2024 03:20

ABŞ, Böyük Britaniya və Çin Yaponiyaya ultimatum verərək təslim olmasını istədi.

2 sentyabr 1945-ci il, Yaponiyanın xarici işlər naziri Mamoru Şiqemitisu ABŞ-ın “Missuri” xətt gəmisinin göyərtəsində ölkəsinin qeyd-şərtsiz kapitulyasiyası haqda akta qol çəkir.

Həmin il iyulun 26-da Potsdam konfransı çərçivəsində ABŞ, Böyük Britaniya və Çin Yaponiyaya ultimatum verərək təslim olmasını istədi, əks halda ölkənin “sürətlə və tam məhv” ediləcəyini bildirildi. Tokio ultimatumu qəbul etmədi.

SSRİ bu ultimatuma hələ ki, qoşulmadı, çünki Yaponiya ilə qarşılıqlı bitərəflik haqqında müqaviləsi vardı. Hərçənd, Tehran və Yalta konfranslarında Almaniyanın təslimindən sonra Yaponiyaya qarşı hərbi əməliyyatlara başlayacağı barədə öhdəlik götürmüşdü. Moskva yaponlara qarşı müharibəyə hazırlaşırdı, amma gözdən pərdə asmaq üçün bir müddət tərəflər arasında vasitəçi rolunu oynadı.

Avqustun 6-da amerikalılar Xirosimaya atom bombası atdılar və prezident Trumen bir daha yaponları təslim olmağa çağırdı. Avqustun 9-a keçən gecə SSRİ Potsdam deklarasiyasına qoşulduğunu elan etdi və hərbi əməliyyatlara başladı. Ertəsi gün amerikalılar Naqasakiyə atom bombası atdılar. Bundan sonra imperator Xiroxito hərbi Ali şuraya Potsdam sənədinin qəbul olunmasını əmr etdi.

Avqustun 15-də imperator radio ilə çıxış edrək ölkəsinin təslim olduğunu bildirdi, hərçənd mətnin özündə “təslim” sözü işlənmirdi, Potsdam deklarasiyasının qəbul edildiyi söylənilirdi. İmperatorun ilahi mənşəyinə inanan və ilk dəfə səsini eşidən yaponlar həmin gün dərin sarsıntı keçirirdilər.

İmperatorun çıxışından sonra Yaponiya ordusu hissə-hissə təslim olmağa başladı. Rəsmi kapitulyasiya aktı isə sentyabrın 2-də imzalandı. Aktı ABŞ tərəfindən admiral Çester Nimits, Britaniya tərəfdən admiral Bryus Frezer, Çin tərəfdən general Syu Yunçan, SSRİ tərəfdən general-leytenant Kuzma Derevyanko imzaladılar.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər