“Bundan əvvəlki qərarda “Buta” ilə AZAL birləşmişdi və oktyabrın 1-dən “Buta” AZAL brendi adı altında fəaliyyət göstərəcəkdi. Bu da onu göstərirdi ki, AZAL-ın içində müəyyən struktur islahatları olacaqdı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, AZAL konserninin sədri Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra uzun illərdir tənqidləri və iradları öz üzərinə yığan bu şirkətin növbəti perspektivdəki fəaliyyət mexanizmlərindən söz açıb.
N. Cəfərli təəssüflənib ki, bu günə qədər Azərbaycanda bəzi sahələr və bəzi vəzifəli şəxslər olub ki, onların dəyişdirilməsi vəziyyətin kökündən dəyişməsinə səbəb olmayıb:
“İndi yeni şəxsin təyin olunmasından sonra eyni sistemi, yanaşmanı və fəlsəfəni AZAL-da saxlayacaqlarsa, onda dəyişən bir şey olmayacaq. Yox, əgər doğrudan da fikir ondan ibarətdir ki, Cahangir Əsgərovu yola saldıqdan sonra onun törətdikləri maneçilikləri yeni sistem islahatları, yeni idarəetmə formasının gətirilməsidirsə, biz o zaman nəticə görəcəyik. Ona görə də bunu indidən söyləmək, açığı, çətindir”.
Onu fikrincə, bir müddətdən sonra yeni rəhbərlik AZAL-ın atdığı addımların yeni konsepsiyaya uyğun olub-olmayacağı, ümumiyyətlə, AZAL-ın inkişafının və idarəetməsi necə gördükləri ilə bağlı ipucları versələr, artıq hər şey bəlli olar:
“Bizdə digər bir problem isə odur ki, yeni rəhbərlər təyin olunarkən onlar çıxıb nə edəcəkləri barədə brifinq vermirlər. Məsələn, xaricdə vəzifəyə təyin olunan şəxslər, ilk öncə, Baş nazir, yaxud prezidentə təşəkkür edirlər, sonradan isə proqramlarını və vizyonlarını açıqlayırlar ki, biz nə etmək istəyirik və hansı addımları atacağıq”.
Ekspert vurğulayıb ki, bizdə belə bir siyasi mədəniyyət və ənənə formalaşmayıb ki, təyinat almışlar öz proqramlarını açıqlasınlar:
“Ona görə də, gərək, biz izləyək ki, yeni təyinatdan sonra AZAL-da hansı dəyişikliklər olacaq, inhisarçılıq meyllərindən əl çəkəcəklərmi, yerüstü xidmət yenəmi AZAL-ın tərkibində qalacaq, yoxsa yerüstü xidmətləri özəl sektorun istifadəsinə təhvil veriləcək? Eləcə də AZAL-ın balansında regionlarda boş qalan hava limanları var ki, onlar necə idarə olunacaq, xarici şirkətlərin ölkəyə girişi necə tənzimlənəcək?”.
“Qısası, bütün bunlar Cahangir Əsgərovun vaxtında suallar və ciddi iradlar yaradan məqamlar idi. İndi həmin o məqamlarla bağlı yeni qaydalar və qərarlar qəbul olunacaqsa, bu, lap yaxşı. Çünki bu, Azərbaycanda turizmin və hava nəqliyyatının inkişafına kömək edəcək. Ona görə də bir müddət keçəndən sonra buna qiymət verə bilərik. İndidən hansı dəyişikliklərin olacağını söyləmək çətindir” – o, fikirlərini tamamlayıb.