Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək niyyətində olduğunu bildirib. O, sosial media hesabında Bakı ləhcəsində danışdığı üçün qınanıldığını yazıb.
“Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” – deyə yazıçı vurğulayıb.
Modern.az Çingiz Abdullayevlə əlaqə saxlamağa cəhd etsə də, mümkün olmayıb.
Saytımız yazıçının fikirləri ilə bağlı onun dostları və həmkarları ilə danışıb.
Yazıçı, Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında deyib ki, Çingiz həmin statusu əsəbindən yazıb:
“O qədər şeyə görə ona nöqsan tutular ki, Çingiz də bezib. O, çox istedadlı yazıçıdır, mədəni insandır. Amma bəzən onu da hövsələdən çıxarırlar. Xalq yazıçısının danışığında nöqsan tuturlar. Deyirlər ki, ləhcə ilə danışır. Nə olsun, mən də ağdamlıyam, oranın ləhcəsi ilə danışıram. Bakılıdır, Bakı ləhcəsi ilə danışır. Yenə deyirəm, onun üstünə çox gedirlər. Statusu da əsəbindən yazıb. O ki, qaldı Çingizin getməyinə, heç bir yerə gedən deyil. O, Bakını qoyub heç bir yerə getməz. Dünən mən onunla bir yerdəydim. Status yazandan sonra da özü ilə danışmamışam. Düşünürəm ki, onun üstünə çox gedirlər, hər şeyini tənqid edirlər”.
Xalq şairi, deputat Sabir Rüstəmxanlı da Çingiz Abdullayevin ölkəni tərk etməyəcəyini düşünür.
“Dünən mən Çingiz bəylə birlikdəydim. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunda parlaq bir çıxış etdi. Orada deputatlar, ziyalılar var idi və onların qarşısında çox yaxşı danışdı. Mən onun danışığında Azərbaycan dili qaydalarının pozulmasının şahidi olmadım. Nə olsun ki, rus məktəbini qurtarıb? Azərbaycan dilli məktəbi bitirənlərdən yaxşı danışır.
Azərbaycan dilli məktəbdə oxuyub, iki cümlə qura bilməyən adamlar var. Böyük yazıçını danışığı ilə vurmaq olmaz. O statusu da bezdiyindən yazıb. Çingiz ölkədən getməklə bağlı deyəndə yəqin nəyəsə işarə edib. Heç vaxt ölkəni tərk etməz, buna əminəm”.