“Tarixdə ilk dəfə Dünya Kubokunda səkkiz matçda iştirak edən şahmatçı oldum. İndiyə qədər belə hal baş verməyib. Digər tərəfdən, rəqiblərimin yeddisi məndən daha yüksək reytinqli idi. Tarixdə bu da olmayıb. Ona görə də fiziki və mənəvi çətinliklər var idi. Ümumilikdə, çıxışımdan məmnunam”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan şahmatçısı, Bakıda keçirilən Dünya Kubokunda dördüncü yerin sahibi olan Nicat Abasov deyib.
O, Dünya Kubokundakı çıxışı, gələcək planları barədə sualları cavablandırıb.
Müsahibəni olduğu kimi sizə təqdim edirik.
– Dünya Kubokundakı nəticəniz məlumdur. Dördüncü yeri tutdunuz. Gəlin, sizi bu nəticəyə aparan yoldan danışaq.
– Dünya Kuboku həmişə gərginliyi və ciddiliyi ilə fərqlənir. İlk rəqibim zimbabveli Rodvel Makoto idi. Reytinqcə məndən aşağı olduğundan ona qarşı maksimum nəticə göstərmək istəyirdim. Elə də oldu. Hər iki partiya mənim üçün nisbətən rahat keçdi və 2:0 hesabı ilə qalib gəldim.
– Bundan sonra ağır görüşləriniz başladı. Onu nəzərdə tuturam ki, ikinci raunddan etibarən yalnız reytinqcə sizdən üstün rəqiblərlə qarşılaşdınız.
– Bəli. İkinci raunddakı Loren Fressine reytinqi məndən yuxarı ilk rəqibim idi. Şansları bərabər qiymətləndirirdim. Klassik partiyalarda cüzi üstünlüklərim var idi. Amma hər ikisi heç-heçə başa çatdı. Tay-breykdə rəqibimdən bir qədər daha sürətli olduğum və taktiki elementləri daha tez gördüyüm üçün, bu, mənə zaman üstünlüyü verirdi. İlk görüşdə qalib gəldim. İkincidə heç-heçə kifayət edirdi. Buna da nail oldum.
– Sırada Aniş Qiri idi. Düşünmürsünüz ki, onunla qarşılaşma Dünya Kubokunda ümumən sizin üçün dönüş nöqtəsi oldu?
– Dünyanın yeddinci şahmatçısıdır. Buna qədər iki dəfə Dünya Kubokunda iştirak etmişdim. Hər ikisində üçüncü mərhələdə dayanmışdım. Bu dəfə təcrübəm mənə kömək oldu. İlk iki oyun heç-heçə bitdi. Üçüncüdə məğlub oldum. Amma özümə inamım itməmişdi. Debüt hazırlığım var idi və bunda Qirini tuta bildim. Debütdən üstün çıxdım. Səhvlərim mövqeyi bərabərləşdirsə də, vaxt azlığından rəqibim səhvə yol verdi və hesabda tarazlıq yaratdım. Bu, inamımı artırdı. Ardıcıl qısa heç-heçələrdən sonra blitsin son oyununda qara fiqurlarla daha sürətli və sərt oynadım. Həmin partiyada qələbə qazandım. Bəli, onunla qarşılaşma Dünya Kubokunda mənim üçün dönüş nöqtəsi oldu.
– Gözlənilməz qələbədən sonra azarkeşlərin sizə inamı artmışdı.
– Bəli. Bu, növbəti raundlarda mənə böyük mənəvi dəstək oldu.
– Yenə də sonrakı rəqibiniz təcrübəli Pyotr Svidler idi. Tək mənəvi dəstəklə onu keçmək mümkün olmayacaqdı. Svidler üçün hazırladığınız plan nə idi?
– Baxmayaraq ki, məndən qat-qat təcrübəlidir, dünya kubokunu qazanıb, amma onu favorit saymırdım. Şansları bərabər görürdüm. İlk görüşdə açılışda səhv etdim və məğlubiyyətə yaxın idim. Lakin 15-ci gedişdə Svidler səhvimdən yararlanmadı. Bundan sonra inandım ki, mənə ikinci şans verilib və bunu dəyərləndirməliyəm. Bu, mənəvi cəhətdən dönüş nöqtəsi oldu. İnamı qazandıqdan sonra daha stabil oynamağa başladım. Svidleri rapiddə keçməyim, bəlkə də, gözlənilməz oldu.
– Bundan sonra nisbətən zəif rəqib Salem Salehlə qarşılaşırdınız. Qiri və Svidlerdən sonra onu rahat keçəcəyinizi düşünürdünüz?
– Ən azı şanslarımın az olmadığını fikirləşirdim. Baxmayaraq ki, onun da reytinqi məndən çox idi. İlk görüşdə sakit oynamağa çalışırdım. Rəqib bərabər vəziyyətdə risklər etdi və mənim üçün şanslar yarandı. İkinci oyunda qaralarla daha rahat idi. Çünki Salem mənəvi cəhətdən çətinlik çəkirdi.
– 1/4 finalda Vidit Santoşu da rahat keçdiyinizi demək olar? Amma o, Salemdən daha güclü idi.
– Vidit Santoş məndən əvvəl, demək olar ki, təkqapı matçda Yan Nepomnyaşini mübarizdən kənarlaşdırmışdı. Rəqibim ciddi idi. Amma əvvəl qarşılaşmışdıq və onu tanıyırdım. Bu da mənə inam verirdi. 2022-ci ildə ona qalib gəlmişdim. Hər turdan daha da artan dəstək oyunuma həvəs gətirirdi. İlk oyunda rəqibin şansları olsa da, partiya heç-heçə bitdi. İkincidə rəqib həyəcanlı və yorğun görünürdü. Bu da mənə şanslar yaratdı. Qısa müddətdə oyunu qələbə ilə başa vurdum.
– Maqnus Karlsenlə oynamaq yəqin ki, bu yarış üçün pik nöqtə idi. Onunla görüşdən əvvəl nəyə ümid edirdiniz?
– İndiyə qədər oynadığım ən yaddaqalan şahmat partiyası idi. Tarixin ən güclü şahmatçısına qarşı oynayırdım. Amma əsas məqam bu deyil.
– Yəqin ki, azarkeşləri nəzərdə tutursunuz? Şahmatda nadir hadisədir.
– Bəli. Həmin görüşə 700-800 azarkeş gəlmişdi. Şahmat tennis, futbol deyil ki, bu qədər izləyici gəlsin. Mənim üçün ilk idi. Ümumiyyətlə, şahmatda bu qədər azarkeş görməmişəm. Onların mənə dəstək üçün gəlməsi başqa bir hiss idi. Azarkeşlərin əlində mənim adım yazılan plakatlar var idi. Şahmatda belə hallar yaşanmır. Qeyri-adi və mənim üçün sevindirici hal idi. Bütün Azərbaycan məni dəstəkləyirdi.
– Lövhədə isə…
– İlk oyunda məğlub olsam da, düşünürəm ki, Dünya Kubokunda keçirdiyim ən yaxşı görüşlərdən oldu. Rəqib debütdə daha hazırlıqlı idi. Qısa zamanda üstünlüyə yiyələndi. Strateji olaraq udulmuş vəziyyət idi. Adətən, Maqnus üstünlüyü ələ keçirəndə rəqibini “boğur”. Amma oyunun ortasında pis mövqedə Maqnusu aldada bildim. Hətta müəyyən bir yerdə uduş mövqeyi aldım. Bu, növbəti yarışlar üçün mənə inam verir ki, bütün rəqiblər keçiləndir. Sonda vaxt azlığından səhvə yol verdim. O da səhvimi bağışlamadı. Bu mənim üçün böyük dərs idi. İnanıram ki, növbəti yarışlarda mənə kömək edəcək.
– Üçüncü yer uğrunda ilk görüşdə özünüz üstünlük əldə etdikdən sonra Fabiano Karuananı “boğdunuz”. Bəs niyə bunun davamı gəlmədi?
– İlk görüşdə o, bir qədər yorğun idi. Bunu hiss edərək, dinamik oynadım. 26-cı gedişdə qələbə qazandım. Amma özüm də yorulurdum. İkinci oyunda heç-heçə lazım idi. Bunu bacarmadım. Karuana da yaxşı oyun sərgilədi. Tay-breykə isə nə fiziki, nə də mənəvi enerjim qalmışdı.
– Əslində, bunu normal hesab etmək olar. Çünki siz birinci raunddan başlamışdınız və o mərhələyə qədər rəqiblərinizdən daha uzun yol qət etmişdiniz.
– Tarixdə ilk dəfə Dünya Kubokunda səkkiz matçda iştirak edən şahmatçı oldum. İndiyə qədər belə hal baş verməyib. Digər tərəfdən, rəqiblərimin yeddisi məndən daha yüksək reytinqli idi. Tarixdə bu da olmayıb. Ona görə də fiziki və mənəvi çətinliklər var idi. Ümumilikdə çıxışımdan məmnunam.
– Belə nəticə gözləyirdiniz?
– Bu nəticəni qazanacağımı gözləmirdim. Bundan əvvəlki analoji yarışlarda üçüncü raundda mübarizəni dayandırmışdım. Bu dəfə eyni mərhələdə əvvəlkilərdən daha güclü rəqibə qarşı oynayırdım. Qiri ilə mübarizədə dayanmaq istəmirdim. Amma obyektiv baxanda hesab edirdim ki, tarix təkrarlanacaq və yenə üçüncü raundda mübarizəni dayandıracağam. Amma lazımi anda gücümü toplaya bildim. Ondan sonra hər yeni raunda yeni yarış kimi baxırdım.
– Yarış ərzində yorğunluğun öhdəsindən necə gəlirdiniz? Həvəskar səviyyədə şahmat oynayan biri kimi deyə bilərəm ki, bu, qıraqdan görünən qədər asan deyil. Məsələn, gün ərzində iki saat şahmat oynayıramsa, gecə də beynimdə fiqurlar gəzişir. Sizin situasiyanız mütləq ki, daha çətindir. Belə ağır partiyalardan sonra necə toparlanmağı bacarırdınız?
– Şahmat bizim üçün bir növ peşə olduğuna görə, uzun partiyalara öyrəşmişik. 22 ildir, şahmatdayam. Bu, kömək olur ki, ən azından gecələr rahat yata bilim (gülür – red.). Əsasən çalışırdım, yarış boyunca yaxın insanlar, dostlarımla pozitiv vaxt keçirim. Bu məni yarışın gərginliyindən uzaqlaşdırırdı və pozitiv enerjiyə kökləyirdi. Fiziki bərpa üçün müəyyən qədər idman etməyə çalışırdım, “Qarabağ”ın avrokubokda HİK-lə oyununa baxmağa getmişdim. Mənəvi olaraq mənə pozitiv enerji verən durumlardan idi.
– Bütün elementlərdə hazırlıqlı görünürdünüz. Hiss olunurdu ki, xüsusi hazırlıq keçmisiniz…
– Şahmatçılar yarışlara, məsələn, 10 gündə hazırlaşmırlar. Bütün karyeran hazırlıqdır. Amma son vaxtlar hazırlığa daha çox diqqət etmişəm. Boris Qelfand və Vladimir Çuçelovla məşqlərim olub. Məşqçilərimin verdiyi istiqamət mənə çox faydalı oldu. Yarış zamanı və yarışdan öncə “sparrinq” partnyorlarım olub.
– Ən çox hansı elementlərin üzərində çalışırdınız?
– Ən əsas açılışlar üzərində işləyirdim. Debüt oyunun təməlidir. Burada yaxşı olmalısan ki, daha sonra oyunun rahat alınsın. Amma taktika da vacibdir. Hətta turnir zamanı da formamı saxlamağa çalışırdım. Ən azından vaxt baxımından sürətli qərarlar verirdim ki, bu da həm rəqiblərimi həyəcanlandırır, həm də mənə üstünlük yaradırdı.
– Ağ fiqurlarla “London sistemi”, “Katalon”, “Vəzir qambiti”, qaralarla “Siciliya müdafiəsi” oynadığınız partiyaları xatırlayıram. Debüt seçimləriniz kifayət qədər rəngarəng idi. Məqsədiniz təxminedilməz olub rəqiblərinizi təəccübləndirmək idi?
– Adətən, qaralarla başqa debütləri seçirəm. Amma bu yarışda daha dinamik oynamaq istəyirdim. Dünya Kuboku psixoloji olaraq digər turnirlərdən fərqlənir. Burada hər görüş sonuncu ola bilər, hər oyun sanki finaldır. Qaralarla açıq mübarizəyə gedir və rəqibi risk etməyə dəvət edirdim. İlk raundlarda bu kömək edirdi. Ağlarla isə daha sakit variantlara üstünlük verirdim. Çalışırdım, rəqiblərimə əlavə şanslar verməyim. Strategiyam Karuana ilə tay-breykə qədər işə yarıyırdı. Orada isə debüt hazırlığı yox, digər komponentlər həlledici oldu.
– Turnir boyu vaxta nəzarətiniz diqqət çəkirdi. Məsələn, Karuanaya qarşı ilk görüşdə uzun müddət demək olar ki, vaxt istifadə etmədən oynadınız. Bu da strategiyanızın bir hissəsi idi?
– Bu, şübhəsiz debüt hazırlığı ilə bağlıdır. Variantı daha yaxşı biləndə sürətli oynamağa üstünlük verirəm. Bu, rəqibə təzyiq göstərir və psixoloji üstünlük qazanırsan. Ümumiyyətlə, oyunun sonuna qədər eyni tempi qorumağa çalışırdım. Vidit Santoşla görüşdə, düşünürəm ki, vaxta görə qalib gəldim. Demək olar, heç bir oyunda rəqibim vaxt baxımından məndən üstün olmadı.
– Bircə Karuana ilə ikinci klassik partiyada həm vaxt baxımından çətinlik çəkdiniz, həm də debütdən yaxşı çıxmadınız. Variantı tam xatırlamırdınız?
– Həmişə “Siciliya”nın “Sveşnikov” variantını oynayırdım. Amma Karuanaya qarşı “Dörd at” variantını seçdim. Tam olaraq bu yarış üçün həmin variantı hazırlamamışdım. Kiçik dəyişikliyin onu təəccübləndirəcəyini gözləyirdim. Təəssüf ki, o, məndən bir addım öndə idi, debütü dəyişəcəyimi təxmin etmişdi və hazırlığı buna uyğun qurmuşdu.
– Əslində, buna qədər Karlsenlə ilk görüşdə qələbə qazana bilərdiniz. Orada Vəzir F1 gedişini görməmişdiniz? Yoxsa gördünüz, amma uduş variantı olduğuna əmin olmadınız?
– Oyundan sonra da nə Maqnus, nə mən təxmin edirdik ki, elə bir şans var. Bəzən şahmatda gözlənilməz resursla oyunu bitirmək olur. Amma düşüncə tərzimiz elədir ki, bəzən beynimiz o gedişləri sadəcə olaraq bloklayır və görmürük. Düşünürəm ki, heç bir insan normal durumda o gedişi görə bilməzdi. Əlbəttə, deyilsə ki, qaraların uduş variantını tapmaq lazımdır, o zaman düşünürsən. Amma ümumi anlayışla oynayırıq və bilmirik ki, konkret nə zaman uduşdur. Təxmin etmirdim ki, belə bir resurs var. Təəssüf ki, o şansı görmədim. Bəlkə də, tam olaraq qələbəyə layiq deyildim. Debütdə rəqib daha hazırlıqlı idi. Əsas sonda vaxt azlığından yol verdiyim səhvə görə təəssüfləndim. 30 saniyə ərzində hesablamağa çatdırmadım.
– İkinci oyunda isə əksinə, siz fili G4 xanasına qoyanda hər kəs həyəcanlandı ki, mövqedə qazanc var.
– Kənardan izləyəndə kompüterin qiymətləndirməyini görmək olur. Orada anlayırsan ki, mövqedə ən yaxşı gediş belə, heç-heçəyə yaxın vəziyyət yaradır. Fili G4-ə gələndə düşünürdüm ki, uduşa yaxın durumdur. Maqnus özü də oyundan sonra “soyuq duş” effekti yaşadığını söylədi. Oyunun sonunda müəyyən problemlər qoymağa çalışırdım. Bir anlıq hər ikimiz elə düşündük ki, uduşun bir addımlığındayam. Amma Maqnusun müdafiə resursları var idi.
– İlk görüşdən sonra demişdi ki, Nicat Abasovun oyunu məni gərginləşdirir. Onu necə təşvişə salırdınız?
– Açılışda daha hazırlıqlı idi. Düşünürdü ki, oyunu qısa zamanda öz xeyrinə yekunlaşdıracaq. Mübarizəyə davam etməyə çalışırdım. 700-800 azarkeşin olması da məni mübarizəyə ruhlandırırdı. Oyunun müəyyən hissəsində taktiki amilləri daha yaxşı görürdüm. Ardıcıl düzgün gedişlərdən sonra üstünlüyünün azalması Maqnusu stressə salırdı. Mübarizə uzandıqca narahat olurdu.
– Belə rəqibə qarşı ilk oyundakı məğlubiyyətdən sonra, bəlkə də, 100 şahmatçıdan 99-nun ikinci partiyaya inamı azalardı. Amma siz ikinci görüşdə 98,2 dəqiqliklə oynadınız. Heç ruhdan düşməmişdiniz?
– İlk görüşdən sonra çox üzgün idim. Amma ruhdan düşməmişdim. Çünki ilk oyunun keyfiyyəti yüksək olmuşdu. Özümə inanırdım. Mübarizəni yaxşı aparmışdım. Rəqibim Maqnus Karlsen idi. Nəticəyə fokuslanmamışdım. “Maqnus effekti” deyilən bir anlayış var. Mən bunu həmişə fərqli təsəvvür etmişəm. “Maqnus effekti”ni fərqli yaşadım. Düşünürdüm ki, mən Maqnusu udsam, nə olar? O ana qədər hamının dəstəyini, sevgisini gördüm. Bu düşüncə oyunun əvvəlində bir az da mənə yük, təzyiq oldu. Sadəcə, onunla görüşdə maksimum gücümü ortaya qoymağa çalışdım. Bu oyunları yaxşı təcrübə kimi görürdüm.
– Oyuna da bir az gecikmişdiniz. Maraqlı görüntü yaranmışdı, Maqnus xəyali olaraq sizinlə görüşdü və saatı başlatdı. Onu niyə gözlədirdiniz?
– Sadəcə, hər turdan əvvəl ciddi yoxlama olurdu. Həmin ərəfədə elektron vasitə ilə yoxlayırdılar. Haradasa 10 saniyə gecikdim. Maqnus həmin hərəkəti zarafatyana etmişdi.
– Təcrübə etdiniz, yaşadınız, yəqin ki, nəticəyə də gəlmisiniz: Onu məğlub etmək olarmı?
– İndiki Maqnusu məğlub etmək olar.
– Bəs, ümumən, siz də onu tarixin ən güclüsü sayırsınız?
– Birmənalı şəkildə, bəli.
– Rameşbabu Praqnananda onu keçə bilər?
– Gələcəkdə belə imkan var. O nəslin ən öndə gedəni Əlirza Firuzcadır. 18 yaşında dünyanın iki nömrəsi olmuşdu. Həm istedad, həm bilik baxımından digər şahmatçılara fərq atır. Son zamanlar yarışlarda iştirak etmədiyi üçün klassik partiyaları azalıb, ikinci plana keçib. Ancaq, əlbəttə, gec-tez kimsə Maqnusu keçəcək. Amma indi bunu təxmin etmək çətindir.
– Yarış ərzində özünüzdən yuxarı reytinqli şahmatçıları bir-bir mübarizədən kənarlaşdırsanız da, yekunda medalsız qaldınız. Sizcə, belə performansa yaraşan nəticə üçüncülük olmazdımı?
– Təbii, çox üzücü durumdur. Karuana ilə ikinci partiyada daha yaxşı oyun sərgiləməliydim. O, daha az tay-breyklərdə oynamışdı. Həmçinin bir raund artıq oynamışdım. Mənim üçün üçüncülük oyununa qədər keçdiyim yol daha yorucu oldu. Qismət. Bu da növbəti yarışlar üçün bir motivasiyadır.
– İki şahmatçıya məğlub oldunuz: Dünyanın bir nömrəsi Maqnus Karlsen və iki nömrə Fabiano Karuana. Bəlkə, elə sizi üçüncü hesab edək?
– Bu halda Praqnanandanın gözəl çıxışının üzərindən xətt çəkməliyik. Mənə elə gəlir ki, o da üçlüyə layiq idi. Düşünürəm ki, elə dördlük düzgündür.
– 31 reytinq xalı qazandınız. 2700-ə yaxınlaşırsınız. Tezliklə bu baryeri aşacağınızı gözləyək?
– 2019-cu ildə 2670 səviyyəsinə gəlmişdim. Karyeramda müəyyən eniş yaşadım və ondan sonra reytinqim xeyli düşdü. Yenidən pik reytinqimə qayıtdığıma görə sevinirəm. Amma bu, son dayanacaq deyil. Ümid edirəm ki, buradan da yolumu davam etdirəcəyəm və 2700-ə çata biləcəyəm. Reytinq qalxdıqca artırmaq çətinləşir. Çalışacağam ki, növbəti yarışlarda bu tempi saxlayım.
– Karlsen böyük ehtimalla İddiaçılar turnirinə qatılmayacaq və orada siz iştirak edəcəksiniz. Artıq indidən bununla bağlı müəyyən fikirləriniz varmı?
– Dünya Kuboku yeni bitib və tam olaraq onun yorğunluğundan ayrıla bilməmişəm. Amma yaxın günlərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova müəyyən hazırlıq planı təqdim edəcəyəm. Federasiyanın dəstəyi ilə hazırlığa başlayacağam.
– Özünüzü dünya şahmat tacı uğrunda Ding Lijenlə oynayan təsəvvür edirsinizmi?
– Məncə, hazırda İddiaçılar turniri ağırlıq baxımından çempionluq görüşündən daha çətindir. Çünki şahmat tacı uğrunda bir nəfərə qarşı oynayırsınız və ilk partiyalardan rəqibi tanıya bilirsiniz. İddiaçılar turnirində isə dünyanın ən güclü yeddi şahmatçısı ilə mübarizə aparırsınız. Bu, daha çətin gəlir. Ümumiyyətlə, mən İddiaçılar turnirində oynayacağımı heç vaxt ağlıma gətirməmişəm. Təbii ki, istəmişəm, amma düşünmüşəm ki, mənim üçün uzaq olan bir hədəfdir. Əlimdən gələnin maksimumunu etməyə çalışacağam. Rəqiblərimdən də asılıdır.
– Karlsen şahmat tacı uğrunda oyunların formatının dəyişdirilməsini tələb edir. Onun fikrincə, görüşlərin vaxtı azaldılmalıdır. Bəzi tələblərə görə isə hazırkı format uğursuzdur, daha yaxşı olar ki, Dünya Kuboku formatında bir yarış keçirilsin. İndiki vəziyyətdə sanki hər kəsin özünü göstərmək imkanı olmur. Bu fikirlərlə razısınız?
– Bu barədə çox danışmaq olar. Əsas dünya çempionu şikayətlərini bildirməlidir. Mən hələ o səviyyəyə çatmamışam. Formatın dəyişdirilməsi ilə bağlı müzakirə aparmaq tam olaraq mənim payıma düşmür. Amma düşünürəm ki, çox adamın şansı var. Mən İddiaçılar turnirinə vəsiqə qazanmağı gözləməzdim. Avropa çempionatından Dünya Kubokuna, buradan da ora vəsiqə qazandım. Mənim kimi digər şahmatçıların da şansı var. Sadəcə, yaxşı hazırlıq görmək lazımdır. Amma sizin sözünüzə qüvvət, sanki Namizədlər turniri şahmat tacı uğrunda görüşlərdən daha mürəkkəbdir. Elə Dünya Kubokunun özü. Karlsen buna qədər ən yaxşı halda üçüncü olmuşdu. Bu da onu göstərir ki, hər bir format çətindir. Dünya Kuboku Bakıdakı yarışa qədər Maqnus üçün əlçatmaz idi. Hər bir yarışda fərqli komponentlər lazımdır. Onun vaxtın azaldılması ilə bağlı fikri də bir baxımdan məntiqlidir. Çünki bu, şahmatı daha baxımlı edir, səhvləri artırır. İnsanlar ideal oyunları izləmək istəmirlər. Səhvlər olmayanda oyun heç-heçə bitir və izləyicilərə sıxıcı gəlir. Onlar əsl, “qanlı savaş”ı izləməyi sevirlər, qalib görmək istəyirlər. Bu, şahmata maraq oyadır. Vaxt azlığı həmin effekti yaradır. Şahmat tacı uğrunda oyunlar bəzən bir ay çəkir. Bu, fizki və psixoloji olaraq da çətinlik yaradır. Sadəcə Maqnus yorulub və formatın dəyişdirilməsini istəyir.
– Karuanaya qarşı ilk partiyanı çıxsaq, Dünya Kubokunda sizin görüşlərinizdə də o “qanlı savaşı” görmədik. Niyə gözəlliyə oynamırsınız?
– Əsas bildiyim variantları oynamağa çalışırdım. Baxımlı oynamaq üçün risk etmək lazımdır. Namizədlər turnirinə vəsiqə kimi mükafat varsa, riskə getmək düzgün deyil. Şahmat dəyişib. Kompüter dövrüdür. XIX əsrin ortalarında “romantik şahmat” var idi. Pol Mörfi topsuz oynayaraq rəqiblərini üstələyirdi. Amma vaxt keçdikdə müdafiə elementləri artdı, əks-hücum imkanları yarandı. Artıq “romantik şahmat” ikinci plana keçib. Təmkinli oynamaq lazımdır. Ən azından Dünya Kubokunda bildiyim mövqelərə getməyə çalışırdım. Amma bu o demək deyil ki, növbəti yarışlarda daha aqressiv, baxımlı oynaya bilmərəm.
– Aqressiv oynayan Şəhriyar Məmmədyarovumuz da, riskə getməyən Teymur Rəcəbovumuz da Dünya Kubokunda erkən dayandılar. Siz şahmatımızın üzünü ağ etdiniz, amma digərlərinin nəticələri gözləntilərin altında oldu. Sizcə, uğursuzluğun səbəbi nədir?
– Bəlkə, heç Şəhriyarla Teymurun uğurlu turnirləri qədər yarış oynamamışam. Onlar şahmatımızın daim liderləri olublar. Onların nəticələri bizim nəsil şahmatçılar üçün motivasiya olub. İdmanda hər nəticə qeydə alına bilər. Nə qədər hazırlıq görsəniz də, bir görüşün nəticəsi bütün turnirin nəticəsinə bərabər olur. Bu yarışda mənim üçün də belə təhlükələr oldu. Dünya Kuboku bizim üçün bir az bəxtsiz alındı. Amma inanıram ki, növbəti yarışlarda onların çıxışı daha uğurlu olacaq. Noyabrda birlikdə çıxış edəcəyimiz Avropa komandalar çempionatında Azərbaycanı yüksək səviyyədə təmsil edə biləcəyimizə ümid edirəm.
– Bəzi fikirlər var ki, Şəhriyarla Teymur şahmata əvvəlki entuziazmla yanaşmırlar, onların şahmatı artıq bitib və s.
– Qətiyyən razı deyiləm. Onlar hələ öz sözlərini çox deyəcəklər.
– Teymurla Şəhriyardan sonra Azərbaycan şahmatının yeni lideri sizi hesab etmək olar?
– Qətiyyən.
– Amma ən azı hazırkı performansınız bunu deyir. Sosial şəbəkələrdə belə fikirlər də kifayət qədərdir.
– Lider olmaq üçün bir yarış kifayət etmir. Hələ bir çox turnirlərdə uğurlu çıxış etməliyəm. Hələ heç reytinqim 2700-ü keçməyib. Rauf Məmmədov Azərbaycan şahmatçıları arasında bu baryeri aşmış dördüncü şahmatçımızdır. Ona qədər Teymur, Şəhriyar və mərhum şahmatçımız Vüqar Həşimov bunu bacarıblar. Mənim indiki reytinqimlə Raufun pik reytinqi arasında 32 xal fərq var. Bu da onu göstərir ki, Rauf daha yaxşı nəticələr göstərib. Eltac Səfərli də 2700-ə yaxınlaşmışdı. Sadəcə, son yarış mənim üçün pozitiv keçdi. Liderlik üçün hələ çox tezdir.
– Gənclərimiz də Dünya Kubokunda yarışırdılar. Onların arasında sizin də tələbələriniz var. Normal nəticələr də oldu, çox erkən dayananlar da. Məsələn, Abdulla Qədimbəyli yaxşı performans göstərdi, amma böyük ümidlər bəslənən Aydın Süleymanlı Dünya Kuboku ilə tez vidalaşdı. Həm də bir pedaqoq kimi gənclərimizin çıxışını necə dəyərləndirə bilərsiniz?
– Abdullanın çıxışını müsbət qiymətləndirmək olar. İki görüşdə özündən 100-200 reytinq yüksək olan rəqiblərə qalib gəldi. Turniri onun üçün müsbət qiymətləndirmək olar. İlk Dünya Kuboku idi. Aydın isə gənc nəslin lideridir. Azərbaycan şahmatının əsas ümidlərindəndir. Son zamanlarda onun reytinq artımı nəzərəçarpandır. İnanıram ki, yaxın zamanda 2600 həddini keçəcək. Uzun tay-breyk görüşləri keçdi. Həmin görüşlərin yorğunluğu ikinci raunda qədər gücünü tam bərpa etməyə imkan vermədi. Həm də güclü rəqiblə oynayırdı. Enerjisini bərpa etmədiyinə görə çətinlik çəkdi. Ümumən, Azərbaycanda şahmat inkişaf edir. Ümid edirəm ki, yaxın zamanlarda həm milli komandanın, həm gənclərin nəticələri daha yaxşı olacaq. Hər birimiz bunun üçün çalışırıq. Mən Azərbaycan şahmatından çox ümidliyəm. İnanıram ki, azarkeşlər bizə baxıb sevinəcəklər.
– Digər tələbəniz Nurgül Salimova qadınlar arasında yarışda finala qədər yüksəldi. Ondan bu nəticəni gözləyirdiniz?
– Özünə də demişəm ki, çox güclü şahmatçıdır. Amma özü buna heç vaxt inanmırdı. Oyun üslubundan hiss olunurdu ki, reytinqi gücündən aşağıdır. Çox həyəcanlanırdı. Sevinirəm ki, bu yarışda həyəcanını üstələyə bildi. Hətta finalda da yaxşı çıxış edirdi. Sadəcə, qalibiyyətin bir addımlığında səhvlər etdi. Onun adına çox sevindim.
– Bəs sizin özünüzü reytinqinizdən daha güclü şahmatçı olduğunuza inandırmağa çalışanlar olub?
– Azarkeşlər sosial mediadan mənə çoxlu mesaj göndərirdilər. Onları oxumağa çalışırdım. Bu mənə pozitiv enerji verirdi. Hamı deyirdi ki, bacararsan, mərhələ keçə bilərsən. Bu da başqa sözlərlə təxminən eyni mənanı verir.
– Digər şahmatçılarımızın bu qədər irəli getməyinizə reaksiyaları necə olurdu?
– Hər biri dəstək olurdu. Buna görə onlara təşəkkür edirəm.
– Oyunlar barədə danışırdınız? Çünki rəqiblərinizlə daha əvvəl qarşılaşan şahmatçılarımız var. Ola bilər ki, hər hansı faydalı məsləhət verərdilər.
– Daha çox öz sekundantımla müzakirə aparırdım. Rəqiblərim tanınmış şahmatçılar idi. Hər birinin oyununu dəfələrlə izləmişəm. Tanımadıqlarımız olanda necə oynamaq barədə düşünmək lazım gəlir. Bu dəfə hamısı adlı-sanlı şahmatçılar idi. Məsələn, Svidlerin oyunlarını öyrənərək böyümüşəm. Təbii ki, fikirlərini bölüşənlər, məsləhət verənlər çox idi. Buna görə hər birinə təşəkkür edirəm. Amma əsas öz sekundantımla müzakirə aparırdım.
– Sizi dünya şahmatının elitasında hesab etmək olarmı?
– Belə deyək, elita üçün reytinqimi hələ xeyli artırmalıyam.
– Oyun baxımndan bəs?
– Müəyyən dərəcədə üzərimdə işləmişəm. Hələ də buna davam edirəm. Çalışacağam ki, gücümü və reytinqimi artırıb elitaya yaxınlaşım. Amma hələ ki, elita bir qədər uzaqdır.
– Amma göründü ki, onlardan geri qalmırsınız?
– Hələ özümü sübut etməliyəm. Bir turnirin nəticəsi kifayət deyil. Ümid edirəm ki, növbəti yarışlarda bunu təsdiqləyə bilərəm.