• 21 Noyabr 2024 10:37

Siz axı kimsiniz və hansı məzhəbə qulluq edirsiniz? – Çingiz Abdullayev olayına REAKSİYA

Siz axı kimsiniz və hansı məzhəbə qulluq edirsiniz? – Çingiz Abdullayev olayına  REAKSİYA

Xalq yazıçısı Çingiz Abdullayevin “axmaqlar”, “yaramazlar” demək istəmədiyi adamlar xalq artisti Rasim Balayevi “saqqız kimi çeynəyib” qurtarandan sonra indi də Çingiz Abdullayevi “çeynəməyə” başlayıblar! 

Səbəb də onu göstərirlər ki, Çingiz müəllim Azərbaycan dilində yaxşı danışa bilmir. Çingiz müəllim Azərbaycan dilində nöqsanlı danışsa da, onu hamı başa düşür. Dünyanın harasına getmişəmsə, hər yerdə onun kitablarının satıldığını görmüşəm!

Heç bir Azərbaycan yazıçısı dünyada bu qədər məşhur deyil! Xarici ölkələrdə hər dəfə onun əsərlərinin kitab mağazalarında, küçələrdə xüsusi kitab satılan köşklərdə görəndə qürur duymuşam! Düşüncəyə baxın, deyirlər guya, onun detektiv janrda yazdıqları ədəbiyyat deyil! Bu hansı “ağıllının” fikridir? Dünyada detektiv janrda yazan məşhur yazıçıları nə tez unutdunuz? Şəxsən mən yüzlərlə detektiv filmə baxmışam. Və həmin filmlərdən həyatı, yaşamağı öyrənmişəm.

Guya Çingiz Abdullayevi tənqid atəşinə tutanların əsərlərini oxuyan var? Heç onları ədəbiyyat aləmində tanıyan var? Əminəm ki, heç zaman da onları oxumayacaqlar, tanıyan da olmayacaq! Gəncliyində kimlərsə bir qızla gəzib-dolaşıb, başına gələnləri yazıb,  povest və ya roman adı ilə çıxarıb ortalığa! Ədəbiyyatdan uzaq söyüşlə, əxlaqsızlıqla dolu söz yığını yazıblar, adını qoyublar “müasir janrda əsər”!..

Çox dərinə getmək istəmirəm, kimin hansı qabiliyyətinin, hansı istedadının, hansı mədəniyyətinin olduğu elə yazdıqlarından, fikirlərindən, cəmiyyətdə özlərini necə aparmaqlarından məlum olur!

Hələ mən Çingiz Abdullayevin vətənpərvərliyindən, cəsarətli çıxışlarından danışmıram. Onun rus dilində gözəl danışmasının gözəl nəticələri fəhmli adamlara məlumdur. Elə bu yaxınlarda Rusiya kanalında “60 dəqiqə” verilişində rus politoloqlarının cavabını verməsi, erməniləri yerlərində oturtması hər kişinin işi deyildi! Belə adamlar dünyanın hər yerindəki çıxışlarında xalqımızın üz ağlığı gətirirlər.

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov da Azərbaycan dilində danışa bilmirdi. İndi Çingiz Abdullayevə buna görə irad tutanlar o zaman da Elmar  Məmmədyarovu bizim KİV-lərdə deyildiyi kimi, “yıxıb-sürüyürdülər”!

Elə şeylər yazırdılar ki, insan həmin yazıları qəbul edə bilməzdi. Mən həmin “tənqidçilərin” əleyhinə gedərək, mətbuatda Elmar Məmmədyarovu müdafiə edən yazı ilə çıxış etdim. Yazdım ki, “Elmar müəllim dünya ölkələrində diplomatik işləri Azərbaycan dilində aparmır. Lakin bu o demək deyildir ki, o, Azərbaycan dilini bilməməlidir!” Onda da Çingiz Abdullayevin “axmaqlar”, “yaramazlar” adlandırmadığı adamlar mətbuatda mənə hücum etdilər! Bu adamları belə hücumlara təhrik edən savadsızlıqları, cahillikləri, paxıllıqları gözlərinin götürməməzlikləridir! Belə olmasaydı, Rasim Balayevi, Çingiz Abdullayevi və bir sıra tanınmış, şərəfli adamlarımızı gözdən salmağa çalışmazdılar!

Yeri gəlmişkən, bunlar həmin adamlardır ki, Nəriman Nərimanovu da, Səməd Vurğunu da, Hüseyn Cavidi də, Bəxtiyar Vahabzadəni də, Süleyman Rüstəmi də, bir sıra xalqımızın sevdiyi, qürur duyduğu yazıçı və şairlərinizi də vaxtaşırı gözdən salmağa çalışırlar!

Bir bunlardan soruşan yoxdur ki, sizin yazdıqlarınız nədir, siz axı, kimsiniz və hansı məzhəbə qulluq edirsiniz?

Özünüzə gəlin; cənablar! Sonra deyirsiniz “ziyalılara hörmət etmirlər”! Siz və sizin kimilərin borcu ziyalılara hörmət etməkdir! Cəmiyyətdə ziyalıların şərəfi hər şeydən üstün tutulmalıdır! Çünki ziyalılarsız cəmiyyət ola bilməz!

P.S. İndi adlarını çəkəcəyim məşhur insanları Çingiz Abdullayevlə müqayisə etmək fikrim yoxdur, amma bir daha xatırlatmaq yerinə düşər.

Cəlil Məmmədquluzadə qışda əlyazmalarını yandırıb ki, uşaqları soyuqdan donmasın! Böyük Sabir sabun satıb dolanıb! Cavidi sürgünə göndəriblər! EA-nın Əlyazmalar İnstitutunun direktoru Salman Mümtazın əlyazmalarını Akademiyanın qabağına, küçəyə töküb yandırıblar, özünü də türməyə basıb, sonra öldürüblər! Müşfiqi cavan yaşında güllələyiblər!.. Biz nəinki onları müdafiə etməyə can atmamış, həmişə susmuşuq!

Heydər Əliyev Kremldə işləyəndə bizimkilər ermənilərə qoşulub, onun əleyhinə qalaq-qalaq  böhtan və iftiralarla dolu məktublar yazıblar! Halbuki erməni Mikoyan 50 il Kremldə işləyib, həmişə də deyib ki, daşnakları qırmaq lazımdır, ermənilər onun əleyhinə Kremlə bir dənə də məktub yazmayıblar!..

Bütün bunlar bizim xalqın gözləri qarşısında baş verib! Biz həmişə susmuşuq!

Görünür, biz heç vaxt böyük insanlarımızın qədir-qiymətini bilməmişik! Qədir-qiymət bilmək isə səviyyə tələb edir!..

Tacxeber.com

Oxşar xəbərlər