• 25 Sentyabr 2024 20:27

Ermənilər silahı hardan daşıyır? – “Sülhməramlılara məxsus vertolyotlar mütəmadi olaraq…” 

Ermənilər silahı hardan daşıyır? - “Sülhməramlılara məxsus vertolyotlar mütəmadi olaraq...” 

“Laçın yolu aprel ayının 23-dən bağlanıb. Ondan da bir qədər əvvəl Zabux və Cağazur arasındakı torpaq yollar nəzarətimizə keçib. Bundan əvvəlki işğal və Vətən Müharibəsindən sonrakı dövrdə isə ağlı başında olan hər bir erməniyə aydın idi ki, tez, ya gec Azərbaycan üçtərəfli birgə bəyanatın şərtlərini əsas götürərək, ərazi bütövlüyünü bərpa edəcək. Onsuz da orada qanunsuz erməni silahlılarının və əhalinin geri qayıtması ilə bağlı müddəalar var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, rus sülhməramlılarının köməyi ilə Qarabağın dağlıq hissəsində kök salmış qanunsuz erməni hərbi birləşmələrinə daşınan silah-sursatla bağlı fikirlərini səsləndirib.

Xatırladaq ki, Laçın yolunun bağlanmasından sonra Ermənistandan Qarabağa daşınan silah-sursatın qarşısı alınıb. Lakin buna baxmayaraq, sülhməramlıların vasitəsilə separatçıların döyüş mövqelərinə yenə də hərbi vasitələr daşınmaqda davam edir.

Hərbi ekspertin fikrincə, Qarabağdakı separatçı rejim bütün bunlardan irəli gələrək, mövcud təhlükəni doğru dəyərləndirdilər:

“Onlar silah-sursat və nə lazım idisə, işğal dövrü və sonrakı müddətdə toplayıb Xankəndidə ciddi arsenal yarada bildilər. Müharibə dövründə də ermənilərin qoyub qaçdığı silah-sursat anbarları dolub-daşırdı. Ermənilərin heç bir zaman silah-sursatla problemi olmayıb və hələlik orada bununla bağlı qıtlıq hiss olunmur”.

Mayora görə, hazırda həmin daşınmalar Xankəndidən digər mövqelərə doğru daşınır:

“Yəni Ermənistandan Qarabağa deyil, əksinə, Xankəndidən Qarabağın dağlıq hissəsində mövcud olan erməni mövqelərinə daşınır. Başqa sözlə desək, bunlar rusların müvəqqəti məsuliyyət zonasındakı daxili daşınmalardır. Lakin bu daşınmaları ermənilər tək başına həyata keçirməyə risk etmirlər. Çünki biz daha əvvəl onları bu fəaliyyətlərinə görə cəzalandırdıq.

Ona görə də indi ruslarla birlikdə daşınmanı həyata keçirirlər ki, bu da hər ikisinin maraqlarına uyğun gəlir. Yəni ermənilər daşınmasını həyata keçirir, ruslar isə erməni silahlılarının ərazidəki mövcudluğuna zəmanət verir. Bu isə rusların gələcəkdə Azərbaycan torpaqlarında daha uzun müddət qalması üçün bir faktor kimi istifadə olunur”.

Mütəxəssis hazırda sərhəd bağlıdır deyə Ermənistandan Qarabağa hər hansı bir daşınmanın mümkünlüyünü istisna edib:

“Çünki Azərbaycan sərhəd bütövlüyünü tamamilə bərpa edib. Lakin rus sülhməramlılarına məxsus vertolyotlar mütəmadi şəkildə Ermənistan və Xocalı hava limanı arasında uçuşlar həyata keçirir. Ruslar böyük miqdarda olmasa da, kiçik partiyalarla guya özləri üçün nəzərdə tutulan sursat tələbatını bir qədər də genişləndirib ermənilərə yardım edə bilərlər. Yaxud da ki, öz arsenallarında topladığı sursatların az bir hissəsini ermənilərlə vermələri mümkündür. Biz bu situasiyaları illərdir görmüşük. Ona görə də rusların hansısa bir silahı ermənilərə verməsi məndə təəccüb hissi doğurmur”.

“Bu gün Qarabağda yerli və xarici şirkətlərin təyyarələrinə radiomaneələr yaradılır və bu vasitənin adı “Repellent-2”dir. “Repellent-2” heç Ermənistan ordusunda mövcud olmayıb. Bunun hamısını ruslar hazırda Qarabağ separatçılarına ötürüblər ki, onlar da bu gün bizə qarşı radioelektron hücumlar həyata keçirirlər”, – o, fikirlərini tamamlayıb.

Tacxeber.com

Oxşar xəbərlər