• 25 Sentyabr 2024 12:36

Əsgərov getdi, AZAL-da nə dəyişəcək? – Açıqlama

“Məlum olduğu kimi, prezidentin müvafiq sərəncamı ilə Cahangir Əsgərov “Azərbayc­an Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Əslində BUTA törəmə şirkətinin AZAL-a birləşdirilməsindən sonra bu qurumda rəhbərliyin dəyişəcəyi gözlənilən idi”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, oktyabrın 1-dən “Buta” vahid brend altında, AZAL-ın tərkibində fəaliyyət göstərəcək:

“Hələ aylar öncə belə bir ehtimal var idi ki, AZAL­da yeni struktur və idarəetmə dəyişiklikləri olacaq. Hətta AZAL-ın işi dövlət başçısı səviyyəsində tənqid olunurdu. Amma struktur və idarəetmə islahatları olmadan kadr dəyişikliyinin nəyisə müsbətə doğru dəyişəcəyinə inam azdır. Əgər AZAL-ın yeni rəhbərliyi yeni konsepsiya ortaya qoyacaqsa, onda dəyişikliyə ümid etmək olar. Yox, əgər yeni konsepsiya olmasa, onda heç nə dəyişməyəcək Hesab edirəm ki, artıq AZAL-ın idarəetmə fəlsəfəsi dəyişməlidir”.

N.Cəfərli deyib ki, AZAL Azərbaycanda təyyarə uçuşları üzrə inhisarçıdır:

“Azərbaycanda bir neçə hava limanı var. Ancaq onların heç biri fəaliyyət göstərmir. Halbuki, xarici şirkətlər həmin hava limanlarının haba çevrilməsi üçün dəfələrlə müraciət ediblər. O cümlədən də “Pegasus”. AZAL-ın inhisarçı mövqeyinə görə bu, mümkün olmayıb. Onların fəaliyyətinə icazə verilməyib. Hesab edirəm ki, AZAL inhisarçı mövqeyindən çəkinməli, regionda rəqabətli mühitin formalaşmasına şərait yaratmalıdır. Regionlarda boş qalan hava limanları digər şirkətlərin idarəetməsinə verilməlidir. Bu zaman biletlərin ucuzlaşması prosesi baş verər və narazılıqlar da aradan qalxar. Çünki, əhalinin ən çox narazılıq etdiyi məsələlərdən biri məhz aviabiletlərin baha olmasıdır. Artıq AZAL xarici şirkətlərin ölkədə işləməsinə şərait yaratmalıdır. Yerüstü xidmətlər tenderlərlə xarici şirkətlərə verilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər