• 21 Sentyabr 2024 09:22

Ölkədən qeyri-adi qaçış.

1969-cu ildə 17 yaşlı Armando Sokarras Ramires və 16 yaşlı Xorxe Peres Blanko kommunist Kubasından qaçmaq qərarında gəldilər.

Amma bunu leqal yolla etmək imkanları yox idi. Onlar xarici ölkələrə uçan təyyarələrdən birinin şassi oyuğunda gizlənməyi qərara aldılar. Bu, əslində intihar kimi bir şey idi. Çünki, əvvəlcə, şassinin onları əzmək ehtimalı böyük idi. Sonra da yüksək hündürlükdə soyuqdan və oksigen çatışmazlığından ölüm qaçılmaz görünürdü.
Dostlar bunu bilirdilər, gözardı etdilər, yoxsa bilmirdilər, məlum deyil. Amma iyunun 3-də gecə Madridə uçan DC-8 təyyarəsi yavaş-yavaş hərəkətə gələndə qaçıb şassi yerinə daxil oldular. Biri sağ şassinin, digəri sol. Onlar özlərini bağlamaq üçün kəndir və mühərrik səsinə davam gətirmək üçün qulaqlarına tıxamağa pambıq götürmüşdülər.
Cəhd əvvəldən uğursuz başladı. Blanko özünü şassi yerində bərkidə bilmədi və təyyarə hələ havaya qalxmamış yerə düşdü. Onu həbs etdilər və uzun illərini həbsxanada keçirməli oldu.
Ramires isə oyuqda qalmağı bacardı, şassi bağlanandan sonra düşmək təhlükəsi aradan qalxdı. Amma az sonra şassi yenidən açıldı. Sən demə, onun bədəni şassiyə tam yerinə oturmağa imkan vermədiyindən pilot panelində işıq yanırmış. Bu zaman Ramires özünü yerləşdirə biləcək kiçik boşluq görür və oraya sığınır. İkinci dəfə bağlanan şassi yerinə tam oturur.
Ramiresin qulağındakı pambıqların mühərrik səsinə qarşı faydası az idi. Üstəlik təyyarə havaya qalxdıqca hərarət düşür və nəfəs almaq çətinləşirdi. Az sonra o, huşunu itirdi.
Təyyarə iyunun 4-də Madriddə enəndən və sərnişinlər təyyarəni tərk edəndən bir müddət sonra uçuş zolağında durub söhbət edən pilotlar bir tappıltı eşitdilər və dönüb baxanda şassinin yanında insan bədəni gördülər. Məsələni anlamaq çətin deyildi: kimsə şassi oyuğunda qaçmağa çalışıb və yəqin ki, artıq ölüb.
Amma çağrılan həkimlər gəncin hələ sağ olduğunu təsbit etdilər. Bununla belə, nikbin deyildilər. Təxminən 10 km hündürlükdə saatlarla qalmış insan yaşaya bilməzdi. Onun bədən hərarətini termometr göstərmirdi. Amma Ramires ertəsi gün özünə gəldi. Çox tezliklə tam bərpa oldu, təkcə eşitmə qabiliyyətinin bərpası 1 aya qədər çəkdi.
Hazırda 72 yaşı olan Armando Sokarras Ramires ABŞ-ın Virciniya ştatında yaşayır.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər