• 21 Noyabr 2024 10:40

Rövnəq Abdullayevin kürəkəninə məxsus bankın problemli kreditləri artıb.

“Rabitəbank” ASC-nin problemli kreditlərinin həcmi 3,6 milyon manat artaraq 26 milyon 454 min manatadan 30 milyon 13 min manata yüksəlib.

Ekonominfo.az xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Rabitəbank” ASC-nin vaxtında geri ödənilməyən kreditlərinin həcmi 39,5 milyon manat olub və bu kreditlərin 30 milyon manatının geri ödəmə müddəti 30 gündən artıq gecikib. Problemli kreditlərin təxminən yarısı – 13 milyon manatını isə 1 ildən artıqdır ki, geri ödənilmir.

Bank tərəfindən verilən istehlak kreditlərinin 76%-i heç bir təminat olmadan əhaliyə verilib. Əvvəlki rüblə müqayisədə təminatsız kreditlərin də həcmi artıb.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkəni Əliyev Rauf Zeynal oğludur.

1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü olmaqla bərabər bank səhmlərinin 40,6%-i ona məxsusdur.

Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241), “Black Sapphire” MMC (VÖEN – 1403649271) və “Trust Holding” MMC-lərin (VÖEN – 1602326211) qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, “Rabitəbank” ASC-nin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında Rauf Əliyevin 23 iyul 1992-ci il tarixində Şuşa şəhərində anadan olduğu qeyd olunub.

Xatırladaq ki, Şuşa şəhəri 8 may 1992-ci il tarixində ermənilər tərəfindən işğal olunub və 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub.

Tacxeber.com

Oxşar xəbərlər