Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun səhhəti ilə bağlı ziddiyyətli məlumatlar dolaşır.
Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun səhhəti ilə bağlı ziddiyyətli məlumatlar dolaşır.
Tacxeber.com yenisabah.az-a istinadən bildirir ki, bu ilin iyulunda Türkiyədə istirahət zamanı səhhəti qəfildən pisləşən icra başçısının təcili Almaniyaya aparıldığına dair iddialar ortaya atılmışdı. Amma Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri bu məlumatları təkzib edərək Zakir Fərəcovun özünü yaxşı hiss etdiyini və vəzifəsinin icrası ilə məşğul olduğunu bildirmişdilər.
Aldığımız məlumata görə, 69 yaşlı icra başçısının səhhəti qənaətbəxş deyil. Tabeliyində çalışan şəxslərdən biri saytımıza açıqlamasında Zakir Fərəcovun işə əvvəlkindən daha az çıxdığını deyib. Onun sözlərinə görə, icra başçısı səhhəti ilə əlaqədar olaraq kənar şəxslərlə təmasları minimuma endirib. Tədbir və ya görüşdə iştirakı qaçılmaz olduqda isə işlərinin çoxluğunu əsas gətirərək qısa müddət sonra toplantı zalını tərk edir.
Məlumatlı şəxs deyib ki, səhhəti ilə əlaqədar olaraq həkimlər icra başçısına uzun müddət ayaq üstə dayanmağı qadağan ediblər. Buna görə də o, çıxışlarını 5-7 dəqiqə ərzində yekunlaşdırmalı olur. Xüsusi zərurət olmadığı halda icra başçısının qəbuluna gələn şəxsləri ayaq üstə qarşılamadığı bildirilir.
Müsahibimiz Zakir Fərəcovun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb. O, icra başçısının bir müddət əvvəl boğazından əməliyyat olunduğuna dair söz-söhbətə şahid olduğunu qeyd edib.
Tacxeber.com