• 21 Sentyabr 2024 18:47

Şagirdə qarşı seksual qısnamada ittiham olunan direktor işdən çıxarıldı.

İmişli rayonunun Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyev rəhbərlik etdiyi məktəbdə şagirdə qarşı seksual qısnama və təhdiddə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Meydan TV-yə şagirdlərdən birinin babası məlumat verib.

Direktorun həmin məktəbdəki müəllimlərdən birinin nəvəsindən seksual xarakterli fotolar istədiyi, ona öldürəcəyi ilə hədə-qorxu gəldiyi iddia edilir. Məlumata görə, direktorla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Kənd sakinləri belə bir şəxsin növbəti dərs ilindən məktəbə rəhbərlik etməsini istəmirlər.

Problemlə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirildi ki, o artıq tutduğu vəzifədən azad olunub:

“İmişli rayonu Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş Baxşəliyev Elşən Baxşəli oğlu elm və təhsil nazirinə səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunması barədə müvafiq ərizə ünvanlayıb. Ərizəsi nəzərə alınaraq Baxşəliyev Elşən Baxşəli oğlunun əmək müqaviləsinə Elm və Təhsil Nazirliyinin 08.09.2023-cü il tarixli, 3-29/3-1-1097K/2023-nömrəli əmrinə əsasən 08 sentyabr 2023-cü il tarixindən xitam verilib və onunla təhvil-təslim işləri aparılıb”.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov isə açıqlamasında faktla bağlı cinayət işinin başlanıldığını bildirib. Hazırda Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər