• 21 Sentyabr 2024 15:09

Ehsan verib, günaha batanlar: – “Biz ehsana yox, israfa qarşı mübarizə tərəfdarıyıq”

Ehsan verib, günaha batanlar:

“Ehsan süfrəsi yas sahibinə əlavə yükdür”.

Tacxeber.com bildirir ki, bunu Qaynainfo-ya açıqlamasında sosioloq Mail Yaqub dünyasını dəyişən insanlara ehsan verilməməsi ilə aparılan müzakirələri şərh edərkən deyib.

Sosioloq qərarla razı olduğunu bildirib və qeyd edib ki, 3, 7, 40 mərasimlərində israfçılıq yolverilməzdir:

“İnanmıram ki, bu mərasimlərə kimlərsə müdaxilə etsin. Düşünürəm ki, problem israfçılıqdır və çıxışlar da mərasimlərə deyil, ona qarşıdır. Təbii ki, mən də bununla razıyam. Zəngin süfrələr açmaq doğru deyil, israfçılıqdır. Həm də insanların ümumi sosial vəziyyətini nəzərə almaq lazımdır. Biz israfçılıqdan xilas olmalıyıq. Bu, düzgün yol deyil”.

Araşdırmaçı yazar Kənan Rövşənoğlu hesab edir ki, yas mərasimlərində ehsan süfrələri sadə olmalıdır:

“Başsağlığı üçün gələn adam əzizini itirmiş insanlara başsağlığı verə, dərdlərinə şərik olduğunu bildirə bilər, bu zaman ən yaxşı halda çay süfrəsi açılmalıdır. Bir çox müsəlman ölkələrində də belədir. Ancaq indi xüsusən də Bakıda ehsan mərasimləri dəbdəbəli məclislərə çevrilib. Bu da tədricən bəzi insanlar arasında rəqabət şəklinə düşüb”.

 

Onun fikrincə, bu zaman da ehsanın əsl mahiyyətini unudurlar:

“Ehsan ərəb dilindən tərcümədə yaxşılıq, yaxşı iş mənasını verir. Dində başsağlığı üçün gələnlərə mütləq süfrə açıb yemək verilməsi deyə bir qayda yoxdur. Əksinə, matəm olan evdə yemək bişirilməsi bəyənilmir. Tövsiyə edilir ki, ilk günlərdə qonşular yas düşən evə yemək gətirsinlər”.

Kənan Rövşənoğlu əlavə edib ki, yas məclisinin təşkili dini bir məsələ deyil, xalqın adətidir:

“O səbəbdən də bunu dini bir mövzu kimi ortaya atmaq və ya inzibati yolla, “yuxarıdan” həll eləmək doğru deyil. 9 il əvvəl Dini Komitə ehsan süfrələrini bu şəkildə dövlət orqanları vasitəsilə qadağan etməyə çalışdı. Amma nəticəsi uğursuz oldu. Buna görə də bu mövzunu maarifləndirmə yolu ilə etmək lazımdır. Polis, hökumət nümayəndələri vasitəsilə ehsan məclisi qaydası tətbiq etmək doğru deyil. İnsanları inandırmaq lazımdır ki, bu bir dini əmr deyil, əksinə, bu şəkildə dəbdəbəli məclislər israf hökmünə daxil olur və bəyənilmir. Ehsan etmək üçün daha faydalı yollar mövcuddur ”.

Kənan Rövşənoğlunun fikirincə, burada toy adətlərini də ayırmamaq lazımdır:

“Azərbaycan toyları da israf həddini ötür. Bu, nə dini, nə milli meyarlara söykənmir. Heç insan sağlığı baxımından da faydalı deyil. Amma bunun üçün yenə də qeyd edirəm ki, inzibati qadağalar deyil, maarifləndirmə və təbliğat lazımdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər