• 22 Sentyabr 2024 11:46

Dərsliklərdə ciddi nöqsanlar-Müəllimlərdən şikayət-RƏY

Dərslik tədris prosesinin əsas sütunu, bünövrəsidir. Bu gün dərsliyin necəliyi, bizim təhsilin ümumi mənzərəsini özündə əks etdirir. Bugünkü dərslik proqramımız necədirsə, təhsilimizin də səviyyəsi elədir. Bu gün Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi dərsliyin proqramı, DİM-in özünəməxsus olan qeyri-rəsmi proqramı ilə uyuşmadığı üçün, hətta ondan geri qaldığı üçün bizim təhsildə repetitor asılılığı öz sözünü deyir. Bu gün istənilən dərsliyi mükəmməl bilən, mənimsəyən şəxsi qəbul imtahanına buraxın. Sizcə, həmin şəxs bütün suallara düzgün cavab verə bilərmi? Təbii ki, xeyr. Bu gün dərsliklərimiz kölgədə qalmış böyük bir problemdir. Biz öz müzakirələrimizdə həm də bunun varlığını önə çəkəcəyik.

Biz adətən dərsliklərdəki problemlə bağlı danışdıqda deyirik ki, hansısa çalışmada səhv buraxılıb, hansısa hərf səhv gedib. Xeyr, bu dərslik xətası deyil. Bu sadəcə mexaniki səhvdir və heç bir insan bundan sığortalanmayıb. Lakin dərsliyin, dərs vəsaitinin əsas nöqsanı onun görünməyən tərəfində, aysberqin alt qatında dayanır. Bunlar nədir?- Məzmun xətlərinin düzgün çatdırılmaması, akademik üslubdan geniş istifadə, ağır terminologiya, forma ilə məzmun arasında uyğunsuzluq, praktikiliklə nəzəriyyə arasında uçurum.Bir dərsliyin əsas nöqsanı orada buraxılan mexaniki xəta yox, məhz bu meyarlardı.

Orta ümumtəhsil müəssislərində tədris olunan Ümumi tarix dərslikləri ilə bağlı bu predmeti tədris edən müəllimlər birmənalı fikir səsləndirmirlər. Sosial şəbəkələrdə aktiv təhsil səhifələri, qrupları, eləcə də fərdi profillərdə yazılanlar Ümumi tarix dərslikləri ilə bağlı ciddi narazılığı özündə əks etdirir.

Həmin narazılıqları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1.Dərsliklərin müəllimlərin də təbirincə desək, demək olar, hər il dəyişməsi-Bu, əsasən müəllim üçün ciddi problem yaradır. Çünki o ötən il həmin predmeti mənimsəmiş, tədris prosesinə oradakı mövzular əsasında hazırlaşmışdı. Lakin hər il dəyişən dərslik özü ilə bərabər müəyyən məzmun və forma dəyişikliyi də gətirir. Hələ müəyyən faktların da dəyişdirilməsi müəllim üçün əlavə çətinlik yaradır. Təsəvvür edin, 8-ci sinif Ümumi tarix dərsliyində bir ölkənin yaranma tarixi ötənilki dərslikdə başqa ildə, builki dərslikdə isə başqa zamanda göstərilib.

2.Akademik üslub-Tarix müəllimləri Ümumi tarix dərsliklərində akademik üslubdan çox istifadə edildiyini, onun nəinki şagirdlər, hətta bir qisim müəllimlər üçün də çox da anlayışlı olmadığını qeyd edirlər. Akademik üslub şagirdi dərslikdən qaçıran, tədris prosesindən uzaqlaşdıran əsas səbəblərdən biridir. Xüsusən də humanitar fənn hesab olunan Tarixdə akademik üslubun ağırlığı yolverilməzdir;

3.Forma və məzmun uyumsuzluğu-Sonuncu nəşr Ümumi tarix dərslikləri müəllimlərin fikrincə, özünün aşırı forma, illüstrasiyaya meyilliliyi ilə fərqlənir. Təbii ki, çağdaş dərsliklərdə müəyyən qrafik, fərqli dizayn işlərinin olması arzuolunandır. Amma bu əndazəni aşanda, bir mövzu ilə bağlı fotolar o mövzunun mətnini kölgədə qoyanda predmet şagirdlər tərəfindən çox da yaxşı mənimsənilmir. Odur ki, dərsliklərdə istifadə edilən yersiz qrafika işləri, diaqram və sxemlər mətnlə balans təşkil etməlidir.

4.Gərəksiz informasiyaların çoxluğu – Məsələn, tarix müəllimlərindən biri qeyd edir ki, Ümumi tarix dərsliyində Fransadan bəhs edən bir mövzuda az qala, bir səhifə kartofun əkilib-becərilməsi haqqındadır. Bu isə Ümumi tarix dərsliyinin əsas məramına qəti uyğun gəlmir. Məhdud həcmdə olan dərslikdə hər bir səhifə xüsusi olaraq dəyərləndirilməli və şagird üçün faydalılığı düzgün ölçülməlidir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər