• 22 Sentyabr 2024 23:18

“Ermənilər xristian olsa da, İran onları özününkü sayır”

“Ermənilər xristian olsa da, İran onları özününkü sayır”

“İran hakimiyyətinin Ermənistana və onun atdığı addımlara fərqli münasibəti var. Ola bilsin ki, rəsmi Tehran Ermənistanın ABŞ-la bərabər keçirilən “Eagle Partner 2023” hərbi təlimlərinin mənasını bilir deyə, heç nə deməyib”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas politoloq Sədrəddin Soltan deyib.

O, rəsmi Tehranın Ermənistan-ABŞ hərbi təlimlərinə ciddi reaksiya verməməsinin səbəblərini izah edib.

Analitikə görə, bir sıra mütəxəssislər hesab edir ki, Ermənistan ABŞ-la hərbi təlim keçməklə Rusiyaya bir jest edir, ondan qaçmaq üçün bu addımları atır:

“Məsələn, Nikol Paşinyan bu yaxınlarda söylədi ki, “Rusiya Ermənistanın təhlükəsizliyinə təminatçı ola bilməz”.

Müsahibimiz xatırladıb ki, İran tarixində hər zaman ən böyük zərbəni Rusiyadan görüb:

“Ona görə də Tehran hesab edir ki, Ermənistanın Rusiyadan qaçıb ABŞ-a yaxınlaşması İran üçün daha faydalı ola bilər. İkincisi isə İran üçün Azərbaycanla Ermənistanın fərqi var. Azərbaycanın ABŞ, NATO və İsrail ilə istənilən prosesləri həyata keçirməsi İranı qıcıqlandırır, çünki Azərbaycan müsəlman ölkəsidir”.

Siyasi təhlilçi aydınlaşdırıb ki, İranın Azərbaycanda çox böyük maraqları olduğu kimi, Azərbaycanın da İranda milli maraqları və Güney Azərbaycan türklərinin təmin olmayan haqları var:

“Odur ki, İran tərəfi istənilən bu tip əməkdaşlığın daim özünə qarşı olduğunu zənn edib. Həmçinin İran Ermənistanı potensial güc saymır. Ermənistan, sadəcə olaraq, ABŞ, İran və Rusiya kimi böyük güclər üçün regionda istifadə oluna biləcək bir ailədir. Hazırda Ermənistanda hakimiyyətin deyil, ABŞ-la Rusiyanın maraqlarının mübarizəsi gedir”.

İranşünas əlavə edib ki, istər hakimiyyətdə Paşinyan olsun, istərsə də qeyri-Paşinyan, bu mübarizə davam edəcək:

“Sadəcə olaraq, Paşinyan daha çox Qərbin maraqlarını təmin etmək istəyən bir hökumət başçısıdır. Ona görə də İrəvan Tehran üçün elə də böyük bir güc sayılmır. ABŞ belə İranla Ermənistan arasında əməkdaşlığa bu gün göz yumursa, deməli, Vaşinqton İrəvanı Tehranla iqtisadi ticarət əlaqəsində elə də böyük bazar kimi görmür. Onlar Ermənistanı aparıcı güc kimi qiymətləndirmədikləri üçün ona bağlı olan məsələlərə üstüörtülü yanaşırlar”.

O, söyləyib ki, Ermənistanın güclü ticarət iqtisadiyyatı yoxdur, dalanda olan bir dövlətdir, energetika resurslarına malik deyil və s:

“Azərbaycanla müqayisədə Ermənistan çox kiçik və zəifdir. Üstəgəl, ortada Azərbaycan-Türkiyə münasibətləri var ki, bu münasibətlər çox güclüdür. Beynəlxalq güclərin bu münasibətləri dəstəkləyib, ondan faydalanmasına baxmayaraq, İran hakimiyyəti kimi rejimlər buna mane olmağa çalışırlar”.

“Ona görə də Azərbaycanın ABŞ-NATO-İsrail münasibətlərini Ermənistanın bu güclərlə münasibətləri kontekstdə müqayisə etmək düz deyil. Azərbaycan tərəfi işğal dövründə daim İranı suçlayırdı ki, niyə işğalçının yanındasan? Bu isə İran rejiminin Ermənistan və erməniliyə fərqli münasibətindən doğub. Tehran Azərbaycanla münasibətdə Ermənistana daha çox hörmət edir və onun təəssübünü çəkir. Çünki ermənilərin xristian olmasına baxmayaraq, onu özündən sayır. Ona görə ki, erməni şovinizmi ilə yanaşı, panfarsizmin də rəqibi və düşməni türklərdir. Məhz bunun üçün də İrəvana münasibət başqadır”, – fikirlərini tamamlayıb.

Tacxeber.com

Oxşar xəbərlər