• 21 Sentyabr 2024 21:57

“Ölkədə işgəncə, ləyaqətin alçaldılması, qeyri-insani rəftar halları çoxalıb”

“Müdafiə Xətti” son 3 ayda ölkədə insan haqlarının vəziyyətilə bağlı hesabat yayıb.

İnsan hüqüqlarının, xüsusilə, siyasi azadlıqların kobud surətdə pozulduğu qeyd olunan hesabat son 3 ayı – iyun, iyul, avqust aylarını əhatə edib. Bildirilib ki, Azərbaycan hökuməti hüquqi və siyasi açılımlara maraq göstərməyib, əksinə, tənqidçilərə qarşı repressiv tədbirləri genişləndirib.

“İşgəncə, ləyaqəti alçaldan davranış, qeyri-insani rəftar halları çoxalıb. Siyasi məhbusların sayı 200-ü ötüb. Şəxsi həyata zorakı müdaxilə, ifadə, mətbuat azadlığının məhdudlaşdırılması, diffamasiyanın kriminallaşdırılması, jurnalistlərin, ictimai aktivistlərin, hüquq müdafiəçilərinin, siyasi xadimlərin, müxalif yönlü partiya rəhbərlərinin, iqtisadçıların, mühacir fəalların həbsi adiləşib”.

Hesabatda bildirilib ki, dövlət qurumlarında korrupsiya sistemli hal alıb, Beynəlxalq Şəffaflıq Təşkilatı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb.

Hesabatda dindarların kütləvi həbsindən də bəhs olunub. Bildirilib ki, xüsusilə Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt repressiv tədbirlər tətbiq edilib.

“Həbs edilən dindarlar bir qayda olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilsələr də, hökumətin nəzarətində olan yazılı və elektron mediada “casuslar”, “dövlətə xəyanət edənlər” qismində göstəriliblər”, – deyə hesabatda bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri ekoloji etirazlara görə zorakılığa məruz qalıblar.

“Polis qüvvələri dinc aksiyanı zorakılıqla dağıdıb, gözyaşardıcı qazdan istifadə edib. Rəsmi instansiyalar məlumat verməsələr də, yerli mənbələr bilidiriblər ki, etraz aksiyalarından sonra 11 sakin saxlanılıb. Onlardan 8-i İnzibati Xətalar Məcəlləsinin 513.1-ci (Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) maddəsi ilə həbs olunub, 3 nəfərə qarşı isə narkotik ittihamı ilə cinayət işi açılıb.

Bu üç nəfər -“WhatsApp” şəbəkəsində qrup yaradan Rusiya vətəndaşı Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılovdur.

Gədəbəy rayonu, Söyüdlü kəndi polis qüvvələri tərəfindən blokadaya alınıb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Hakimiyyət orqanları kənd sakinlərini, xüsusilə, həbs edilən etirazçıların yaxınlarını hədələyiblər ki, müstəqil mediaya danışmasınlar, hüquq müdafiəçiləri ilə, eləcə də “Müdafiə Xətti” ilə ünsiyyətdən yayınsınlar”.

O da bildirilib ki, hesabat dövründə siyasi həbslər artıb və həbs olunmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürülüb. Bu şəxslər – ictimai fəal Bəxtiyar Hacıyev, keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri professor Qubad İbadoğludur.

Bu müddətdə inzibati həbslər də baş verib. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvləri- Ayxan İsrafilov, Elvin Mustafayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. İctimai fəal Qiyas İbrahimov haqqında inzibati qaydada həbs seçilib.

NİDA Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov 20 sutka inzibati qaydada həbs edilib.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə jurnalist Cəmil Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilib”.

Təşkilat Azərbaycan hökumətinə müraciət edib ki, demokratik quruluşa təminat verilsin, icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında balans yaradılsın:

“Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunsun, qanunsuz cəzalandırmalar dayandırılsın”, – deyə sənədin sonunda vurğulanıb.

Hökumət rəsmiləri bir qayda olaraq Azərbaycanda siyasi səbəblərlə həbslərin olmadığını, həbs olunan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər. (Abzas)

Tacxeber.com

Oxşar xəbərlər