• 22 Sentyabr 2024 13:34

“Ölkəmizdə 8 aeroport var, ancaq uçuşların 98 faizi biri ilə həyata keçirilir”

“Turizm paketlərinin bəzən yarısını, bəzən də yarıdan çoxunu məhz nəqliyyat qiymətləri təşkil edir. Bu səbəbdən, turistlərin səyahət edəcəkləri ölkə seçiminə bilet qiymətləri çox təsir göstərir”.

Bu sözləri Valyuta.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi.

C.Aşurovun sözlərinə görə, səyahət ediləcək ölkə seçimi zamanı ən mühüm faktorlardan biri turistik məkanın əlçatan olmasıdır: “Turist səyahət edəcəyi yeri seçərkən əsasən 2 amilə diqqət yetirir. Birincisi, nəqliyyat amilidir. Quru, hava, dəmiryolu, su yolu ilə səyahət edilməsinin fərqi yoxdur, əsas bizim həmin məkana çatmağımızın əlverişli olmasıdır. İkinci isə həmin məkanda kifayət qədər qalma yeri, şərait, infrastruktur olmalıdır. Turistlər səyahət edəcəyi ölkələrlə bağlı bu sualları verirlər: Gedəcəyim yer nə qədər uzaqdır? Gedəcəyim yerə çatmaq rahatdırmı? Qiymətlər münasibdirmi? Visa tələb olunurmu? Hər hansı baryerlər varmı? Bu faktorlara əsasən az məhdudiyyətlər olan və daha uyğun qiymətə olan yerə daha çox turist gedir. Dünyada kifayət qədər alternativlər var”.

Müsahib Azərbaycanda aviabiletlərin qiymətinin turist sayına təsirindən danışdı: “Quru sərhədləri bağlıdır və yalnız hava nəqliyyatından istifadə etmək mümkündür. Təyyarə qiymətləri də region ölkələri ilə müqayisəli götürsək, bahadır. Bu bahalıq Azərbaycana gələn turistlərin sayına və ya Azərbaycandan xaricə gedən turistlərin sayına da təsir edir. Ölkəmizdə 8 beynəlxalq aeroport var, ancaq uçuşların 98 faizi bir aeroportla – Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilir. Yəni bizim digər beynəlxalq aeroportlarımız bu proseslərdə bir o qədər aktiv iştirak etmir. Bu aeroportlar da prosesə qoşularsa, ucuz hava daşıyıcılarının sayı artarsa, seçim imkanları çoxalarsa, Azərbaycandan digər ölkələrə, digər ölkələrdən Azərbaycana daha ucuz uçuş imkanları olarsa, əlbəttə, bu hal turistlərin sayına müsbət təsir edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər