• 22 Sentyabr 2024 11:34

Rusiyayönümlü “Sputnik Moldova” informasiya agentliyinin rəhbəri Moldovadan deportasiya edildi.

“Bu qərar jurnalistin fəaliyyətinin Moldovanın milli təhlükəsizliyinə təhlükə törətməsi ilə bağlıdır…”

“Moldova hakimiyyəti söz azadlığı və jurnalist hüquqlarının nə demək olduğunu anlamır…”

“Sputnik Moldova” informasiya agentliyinin rəhbəri Vitali Denisov Moldovadan deportasiya edilərək təyyarə ilə Moskvaya göndərilib.

Bu barədə Rusiyanın “RİA Novosti” informasiya agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Miqrasiya Xidmətinin əməkdaşları jurnalistin Kişinyovdakı mənzilinə gələrək onu ilk reyslə deportasiya barəsində qərar əsasında hava limanına aparıb.

“Əşyalarımı toplamağa, ev heyvalarımı da götürməyə imkan vermədilər. Moldovaya on il müddətinə daxil olmaq qadağası barədə əmrnamə təqdim etdilər, səfiri məlumatlandırdılar”, – Denisov deyib.

Denisovun sözlərinə görə, onun deportasiya edilməsi barədə qərar Moldovanın milli təhlükəsizliyinə təhlükə törətməsi ilə izah edilib.

Moldovanın müxalif partiyalarının nümayəndələri hakimiyyətin davranışlarını tənqid edib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Kişinyovun hərəkətlərini “daxili informasiya məkanının təmizlənməsi” kimi səciyyələndirib.

“Bu, yeganə aksiya deyil, Moldovanın indiki hakimiyyətinin “demokratiya” anlayışına qeyri-adekvat münasibət zəncirində növbəti həlqədir. Onlar söz azadlığı, jurnalist hüquqlarının nə demək olduğunun anlamır”, – Zaxarova deyib.

Bundan öncə Moldova XİN Rusiyanın Moldovadakı səfirinə səfirliyin şəxsi heyətinin 45 nəfər azaldılması və Moldovanın Rusiyadakl səfirliyinin sayına uyğunlaşdırılmasının zəruriliyi barədə xəbərnamə göndərib.

Kişinyov bu tələbini “Moskvanın dost olmayan hərəkətləri və Moldovada daxili siyasi sabitliyin pozulmasına yönəlik cəhdləri ilə” izah edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kişinyovun qərarı Moskvaya qarşı dost olmayan xətti davam edir və əmin edib ki, Rusiya tərəfi belə addımlara qarşılıq verəcək.

Moldova hakimiyyətinin qərarından öncə Moldova jurnalistləri Rusiyanın Kişinyovdakı səfirlik binasının damında çoxsaylı elektron izləmə vasitələrinin quraşdırılması barədə araşdırma aparıb.

Jurnalistlər iddia edib ki, bu vasitələr Moldova siyasətçilərinin dinlənilməsi üçün istifadə edilə bilər.

Tədqiqatçılar bəyan edib ki, ilbəil peyk antenalarının sayı artır, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları isə müntəzəm olaraq səfirlik binasının damına qalxır.

Rusiyanın səfiri jurnalistlərə deyib ki, peyk antenaları “1990-cı illərin sonunda səfirliyin binası inşa ediləndə quraşdırılıb”, onların müasir texnika ilə əvəzlənməsi isə onunla bağlıdır ki, “bir çox antenalar paslanıb”.

2023-cü ilin aprelində Dmitri Medvedev bəyan edib ki, Moldova adlı ölkə daha mövcud deyil.

2023-cü ilin avqustunda Rusiya XİN Moldovaya “Ukraynaya dəstək prosesinə” daha dərindən cəlb edilməsi ilə bağlı xəbərdarlıq edib və qeyd edib ki, Moskva “Moldovanın ardıcıl surətdə Kiyev rejiminin logistik əlavəsinə çevrilməsini” qeydə alır.

“Sputnik” internet-saytlar, mobil əlavələr, onlayn-yayımlar, “Radio Sputnik” radioyayım xidməti və “Russia Today” tərəfindən əsası qoyulan mətbuat mərkəzlərini özündə ehtiva edən xəbərlər agentliyidir. Agentliyin baş ofisi Moskvada yerləşir.

“Sputnik”in müxtəlif ölkələrdə regional nümayəndəlikləri və büroları var. Agentlik dünya siyasəti və iqtisadiyyatı barədə xəbərləri işıqlandırır və xarici auditoriyaya yönəlib. (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər