Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində şahid qismində ifadə verib.
Zeynallıya qarşı ittihamlardan biri də budur ki, Sabunçu qəsəbəsində mağaza tikmək istəyən Ruslan Vəliyev üçün icra hakimiyyətindən razılıq adı ilə ondan 7 min manat pul alınıb. İcra başçısı da bu məsələ ilə əlaqədar dindirilib.
“Xahiş elədi ki, kasıb adamdır…”
İcra başçısı deyir ki, sözügedən mağazanın inşa olunduğu yer Dövlət Neft Şirkətinin ərazisi olub. O, qanunsuz tikinti olduğuna görə birinci dəfə icra nümayəndəliyi inşa prosesini dayandırıb. Vəliyevin sözlərinə görə, bundan bir müddət sonra Əvəz Zeynallı ona zəng edib: “Xahiş elədi ki, kasıb adamdır, icra nümayəndəliyi qeyri-yaşayış sahəsinin tikintisinə müdaxilə eləməsin. Mən də göstəriş verdim, müdaxilə eləmədilər. Sonradan öyrəndim ki, o ərazi Dövlət Neft Şirkətinin imiş…”.
İcra başçısı vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur. İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər.
Vəkilin “sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız…”.
Vəliyev vurğulayıb ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: “Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar…”.
İttihamlar
Zeynallı “Səda TV” adlı Youtube kanalının idarəedicisi Elnur Şükürovla birlikdə mühakimə olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və s. adamlardan Şükürov vasitəsilə pul alınıb. Zeynallı isə həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və, beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.
Konkret Əvəz Zeynallı özü isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) binasında Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahbaz Qasımovdan 8 min manat almaqda ittiham olunur. Zeynallı isə bu ittihamların uydurma olduğunu, onu susdurmaq üçün sifarişlə həbs olunduğunu bildirir. O tələb edir ki, rüşvət aldığına dair konkret faktlar, məsələn, AAYDA-ya gedib-gəldiyini sübut edən görüntülər ortaya qoyulsun.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, həbsdə olan işadamı Rasim Məmmədovun əleyhinə materialları efirə verməmək üçün onun ailəsindən 20 min manat rüşvət almaqla bağlı idi. Lakin Zeynallı bu ittihamı rədd edir.
Elnur Şükürov sentyabrın 13-dən həbsdədir. O da özünü təqsirli bilmir, Zeynallı əleyhinə ondan tələb olunan ifadəni vermədiyinə görə həbs olunduğunu bildirir.