Ramzan gedir – Onu Putin, yoxsa Putinə qarşı olan qüvvələr yola salır?!
Ukrayna qaynaqları 2 gündür xarici kəşfiyyata istinadla Ramzan Kadırovun komada olduğu xəbərini yayırlar. Rusiya qaynaqları isə təkzib kimi don-donun Qroznıda ailə gəzintisindən görüntüsünü paylaşır. Amma videoda nə tarix var, nə də yaxınlarda çəkildiyini təsdiq edən əlamət. Görüntü yayırlar yaymağına, bir tərəfdən də Ramzanın son çağlar dəyişdiyini də etiraf edirlər. “Ramzan şişkin görünürdü, böyrəklərində problem olduğu deyilirdi, müalicə nəticə verməyibmiş, danışığında qüsurlar yaranıb”… kimi cümlələrə bu haqda məqalələrdə mütləq rast gəlinir.
Qısacası, Ramzan gedir. Amma onu Putin, yoxsa, içdə-dışda Putinə qarşı olan qüvvələr yola salır sualı açıqdır. Paradoksal odur ki, bu, Ukrayna üçün savaşan tərəflərin hər ikisini qane edir. Putin büdcəni gəmirən, mərkəzlə münasibətlərini sifarişçi-muzdlu müstəvisində quran və Çeçenistanı hər zaman Kremlə qarşı barıt çəlləyi modunda saxlayan, genaralitetlə münasibətlərini gərən birindən qurtulur, qarşı tərəf isə Putinin muzdlusundan xilas olur.
Bu arada, Qərb kəşfiyyatı əla işləyir. Həmişəki kimi. Ramzanın səhhəti ilə bağlı xəbərlər 5-6 aydır yayılır. Ehtimal var ki, Ramzan özü də səhhəti haqqında dolğun bilgini Mİ7-in xəbərlərindən öyrənib, əlamətlər kəskinləşəndə zəhərləndiyini anlayıb, səhhətini birbaşa nəzarətdə saxlayan səhiyyə nazirini diri-diri basdırıb. Hər halda belə deyilir. Bəlkə də nazir indi tapşırığı uğurla yerinə yetirdiyi üçün mükafat kimi aldığı Mayamidəki okean mənzələri evində Rusiya mediasında yazılanları oxuyur? Hər şey mümkündür.
Kadırov komadan ayılmasa, Çeçenistana kim rəhbər olacaq? Əsas sual budur. Çeçenlər əzazil Kadırovun pespredel dönəmindən qurtulub kimin cənginə keçəcəklər? Hələlik pıçıltılar gəlir. Baxaq…. ( Konkret)