• 25 Noyabr 2024 06:41

Məşqçisi azərbaycanlı olan erməni qız – “Ermənistana görə biabır olmaq istəmirəm”

 Avropa və dünya çempionatlarının qalibi, ikiqat olimpiya (o cümlədən 2016-cı il oyunlarının) çempionu, erməni əsilli rusiyalı qılıncoynadan Yana Yeqoryan Ermənistan üçün yarışmaq təklifini rədd edib.

İdmançı Ermənistanda məşğul olduğu idman sahəsi ilə bağlı yaxşı şəraitin olmadığını söyləyib.

“Ermənistan mənə təklif verdi, mən də rədd etdim. Sənə şərəf və fürsət verən yerə hörmətlə yanaşmalısan. Heç kimin tanımadığı, heç nəyi olmayan balaca bir qız kimi gəldiyim ölkə Rusiyadır. Pulsuz təhsil aldım, qılıncoynatma ilə pulsuz məşğul oldum”, – Yeqoryan bildirib.

Altı yaşına qədər İrəvanda yaşayan Yana sonradan anası ilə birlikdə Rusiyaya köçüb.

İdmançı imtinasını həm də onunla izah edib ki, Ermənistanda təlim keçmək üçün lazımi şərait yoxdur, ona görə də tarixi vətənini təmsil edərkən özünü biabır etmək və ya xəcalət çəkmək istəmir.

 

Ermənistanın “Hraparak” qəzeti yazır ki, 2016-cı ildə Rusiya millisinin baş məşqçisi azərbaycanlı İlqar Məmmədov olub və olaraq qalır:

“İlqarın həyat yoldaşı, Azərbaycan millisinin keçmiş qılıncoynadanı Yelena Jemayeva Yeqoryanın şəxsi məşqçisi olub.

Yana 2017-ci ildə Azərbaycandan çoxlu dostlarının olduğunu və hər şeydən asılı olmayaraq onlarla ünsiyyətdə olduğunu bildirib: “Mən milliyətcə erməniyəm, amma Azərbaycandan da çoxlu dostlarım var. Mənim üçün fərqi yoxdur, problem Ermənistanla Azərbaycan arasındadır. Ona görə də kiminlə istəsəm dostluq edəcəm”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər