• 22 Sentyabr 2024 11:47

“Biz artıq Ukraynaya silah vermirik” – Mateuş Moravetski

Polşa Ukraynanın taxıl idxalına müvəqqəti qadağa qoyulması ilə bağlı iki ölkə arasında artan mübahisə fonunda Ukraynaya silah tədarükünü dayandıracağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski sosial şəbəkədə deyib.

“Biz artıq Ukraynaya silah vermirik, çünki biz indi Polşanı silahlandırırıq”, – Moravetski qeyd edib.

Polşa müharibə başlayandan bəri Ukraynanın ən sadiq dəstəkçilərindən biri olub. Ancaq indi Kiyev və Varşava arasında fikir ayrılığı yaranıb.

Ukrayna taxılına qadağa ilkin olaraq onların biznesinə mənfi təsir göstərəcəyindən narahat olan yerli fermerlərin dolanışığını qorumaq üçün qoyulmuşdu.

Keçən həftə Aİ qadağanı dayandırmaq planlarını açıqladı. Lakin üç ölkə – Polşa, Macarıstan və Slovakiya məhdudiyyətləri qüvvədə saxlamaq niyyətində olduqlarını bildirdilər.

Bu, Ukraynanın etirazına səbəb oldu və Kiyev bu həftə məsələ ilə bağlı hər üç ölkəni məhkəməyə verdi.

Ukrayna prezidenti Vladimir Zelenski də BMT Baş Assambleyasında qadağaya qarşı çıxış edərək, bəzi “Avropalı dostlarımızın siyasi teatrda həmrəylik nümayiş etdirməsindən, lakin taxıl haqqında triller hazırlamasından” narahat olduğunu bildirib.

Polşanın baş naziri Moravetski Ukraynanın taxıl idxalını qəbul etməklə Polşa bazarında sabitliyi pozmağa risk etməyəcəyini, lakin taxılın ölkədən tranzitinə mane olmayacağını vurğulayıb.

“Əlbəttə, biz Ukrayna mallarının tranzitini saxlayacağıq. Polşa bununla bağlı heç bir xərc çəkmir. Əksinə, biz bundan pul qazandığımızı deyə bilərik”, – nazir əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər