• 21 Sentyabr 2024 01:46

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

Müğənni prezidentə açıq müraciətində evi qaytarılmasa, özünü evinin qarşısında yandıracağını bildirib.

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə İsmayılova evinin dələduzluqla mənimsənilməsilə bağlı prezidentə müraciətində deyib. O, müraciətini özünün “İnstagram” hesabında yayıb.

Müğənni bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov ona sələmə pul verib və evini mənimsəyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində ifadə versə də, problemi həll olunmur:

“Əli İbrahimov mənə faizə pul verməklə evimi götürüb, indi pulu ödəyirəm, evi qaytarmır. Mənim evimə görə milyon yarımdan çox pul tələb edir, hansı ki, ödəməli olduğum pulu 2015-ci ildən bu günə qədər ödəyib qurtarmışam.

Bir neçə ay əvvəl daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişdim, bundan sonra məni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etdilər, dinlədilər və gördülər ki, aldadılmışam, evim mənimsənilib. Ondan sonra da bir neçə dəfə o idarəyə çağırılmışam, Əli İbrahimovla üzləşməm olub, orda da görüblər ki, həqiqətən də faizə pul verib, evimi mənimsəyib. Buradan bir daha daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm. Bu günə qədər hələ də mənim evimin məsələsi həll olunmayıb. 4 otaqlı evin bütün əşyalarını evdən çıxarıb, harasa aparıb. Xahiş edirəm ki, təcili şəkildə mənə kömək edəsiniz. Əgər evimin məsələsi həll olunmasa, qarşısında özümə od vurub yandıracam”, – deyə o bildirib.

Rəqsanə İsmayılova deyir ki, sələm işi üzrə zərərçəkən tək o deyil. Onun sözlərinə görə, 60-a yaxın vətəndaş ona yazaraq Əli İbrahimovun onların evlərini də əllərindən aldığını bildirib:

“Onunla faiz haqqında apardığım danışıqlar barədə əlimdə videogörüntü də var, lazım olan yerlərə təqdim edə bilərəm. Mənə hədə-qorxu gəlirlər. Vilayət müəllim, mən də azərbaycanlıyam, 4 övladım var. Niyə mənim evim ola-ola küçədə qalmalıyam, evim mənimsənməlidir? Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?

Cənab prezidentimiz İlham Əliyevə müraciət edirəm. Mehriban xanım, sizdən xahiş edirəm, bir ana olaraq bizə bu işdə kömək edəsiniz. Necə ola bilər ki, Xəzər rayonu kimi böyük bir rayonun polis rəisi insanlara pul verib, onları aldatsın? Niyə yoxlamalar aparılmır, bunun qarşısı alınmır?”, – deyə müğənni sual edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Abzas Media-ya bildirilib ki, qeyd olunan məsələ ilə bağlı məhkəmə çəkişməsi var və buna görə də məsələni şərh etmirlər.

Hüquqşünas Səməd Rəhimli deyir ki, polisin kommersiya fəaliyyətilə məşğul olması qanunla qadağandır. Onun sözlərinə görə, sələmçilik də kommersiya fəaliyyəti hesab olunur:

“Polis haqqında” qanunun 32-ci maddəsində göstərilir ki, polis əməkdaşı elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, kommersiya fəaliyyətilə məşğul ola bilməz. Sələmçilik də kommersiya fəaliyyəti hesab olunduğundan heç bir polis əməkdaşı, polisdə işləyən vəzifəli şəxs bu fəaliyyətlə məşğul ola bilməz.

Sələm verilməsinə gəldikdə isə, kreditlərlə bağlı məsələlər mülki qanunvericiliklə tənzimlənir, ancaq sələmə aid hissə havadadır. Çünki bəzən sələmçiliyi qanunsuz fəaliyyət sayırlar və qanunda göstərilir ki, sələmdə göstərilən faiz yox, adi borc qaytarılmalıdır. Gəlir əldə edilirsə, bu kommersiya fəaliyyətidir, yox adi borc verilib-qaytarılırsa, bu deyil. Yəni, əgər hətta arada yazılı razılaşma olsa belə, bu razılaşma qanunvericiliklə tənzimlənmədiyi üçün borclu tərəf ancaq borc hissəsini ödəməlidir”, – deyə hüquqşünas bildirib.  (Abzas.org)

Tacxeber.com

Oxşar xəbərlər