SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti – ARAŞDIRMA
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti – ARAŞDIRMA
Adnan Əhmədzadə – Bu adamın adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır. Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir? Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.
2006-cı ilin avqustunda Adnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.
30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Adnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.
2015-ci ilin dekabr ayında Adnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.
İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Adnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Adnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.
Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi