• 23 Noyabr 2024 22:03

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi aldı

 

Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan “Technoil” MMC daha bir tenderin qalibi olub.

Şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “Mersedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir.

Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin  sayı11-ə çatıb. Bundan əvvəl şirkət, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, “Azəraliminüm” MMC-nin, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. “Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var.

Bu ilin iyun ayında “Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur./Qaynarinfo

Tacxeber.com

Oxşar xəbərlər